Logo

Suqovuşanın azad olunması müharibənin gedişatında önəmli rol oynadı

08.10.2021 12:56 776 baxış
IMG

Suqovuşan qəsəbəsinin azad edilməsi 44 günlük Vətən müharibəsində Böyük Zəfərin ən əhəmiyyətli uğurlarından biri oldu. 2020-ci il 3 oktyabr tarixində Suqovuşanın işğaldan azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Bu yaşayış məntəqəsinin azad olunması gələcək əməliyyatlar üçün olduqca böyük üstünlük əldə etməyimizə şərait yaratdı.

Eyni gündə işğaldan azad olunan Talış kəndində və Suqovuşan qəsəbəsində düşmən çox güclü istehkamlar qurmuşdu, müdafiə xəttini gücləndirmişdi.

Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək strateji yüksəklikləri ələ keçirərək Talışı və Suqovuşanı işğaldan azad etdi. Bu həm ordumuza, həm də xalqımıza əlavə güc verdi.

Müharibənin ilk günlərində strateji əhəmiyyətə malik olan qəsəbənin işğaldan azad olunması əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəb oldu.

Bu ərazilərin strateji əhəmiyyətini nəzərə alaraq düşmən buraya böyük qüvvə cəlb etmişdi. Ərazinin azad olunması bizə bölgədəki strateji yollara da nəzarət etməyimiz üçün əlavə üstünlük təmin etdi. Eyni zamanda düşmənin canlı qüvvəsinin hərəkətinin və manevrlərinin qarşısını aldı.

Suqovuşan kəndi uğrunda gedən döyüşlərdən sonra erməni ordusu dərin mənəvi və psixoloji sarsıntı keçirdi. Həmin tarixdən sonra Ermənistan ordusu qorxu içində oldu. Təsadüfi deyil ki, müharibə dövründə Ermənistan ordusunda on mindən çox fərari olub. Onlar ilk günlərdən gördülər ki, Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyəcəklər.

Suqovuşan qəsəbəsi həm də burada yerləşən su anbarına görə əhəmiyyətli idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmiş su anbarı Tərtər, Bərdə, Goranboy, Ağdam və digər rayonlara su ilə təmin edirdi.

Bu il 30 ildən sonra ilk dəfə olaraq Suqovuşan su anbarı vasitəsilə Tərtərə və digər bölgələrə suyun verilməsi bərpa olundu. Nəticədə suvarılmayan 30 min hektar ərazi su ilə təmin olundu. Hal-hazırda bu istiqamətdə işlər davam etməkdədir. Hazırda Şərqi Zəngəzur və Qarabağın iqtisadi zonalarında mövcud su ehtiyatlarından səmərəli istifadə etmək üçün konkret addımlar atılır və çox ciddi proqramlar həyata keçirilir.

Hansı ki, Ermənistan işğal zamanı Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror həyata keçirirdi. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər.

Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu mövzuda xüsusi məruzə təqdim olunmuş və xüsusi qətnamə qəbul edilmişdi.

Bu baxımda 44 günlük Vətən Müharibəsindəki Qələbəmizin əsas uğurlarından biri olan Suqovuşanın azad olunduğu tarixdə Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəyə səfəri və azad olunmuş ərazilərdə bayrağımızı ucaltması işğalçı Ermənistana və havadarlarına ciddi mesaj idi.

Hər kəs bilməlidir ki, bayrağımız hər zaman torpaqlarımızda dalğalanacaq, biz bundan sonra əbədi olaraq öz doğma torpaqlarımızda yaşayacağıq.

Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır, quruculuq işləri aparılır. Ölkə başçısı səfəri çərçivəsində bir sıra infrastruktur layihələrinin icrası ilə də yaxından tanış oldu. Beləliklə, Prezident İlham Əliyev Suqovuşana səfəri ilə Azərbaycanın qüdrətli bir dövlət olduğunun bir daha dünyaya göstərdi.

Mehriban Şivəxanova,

Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin tarix müəllimi

Xəbər lenti