Azərbaycan Vətən müharibəsində möhtəşəm Zəfər çalaraq, doğma torpaqlarımızı təcavüzkar Ermənistanın işğalından qurtardı. Tarixi Zəfərlə xalqımızın 30 illik torpaq həsrətinə son qoyudu. Ali Baş Komandan cənab İlham Əliyev “Dəmir Yumruq” həmləsi ilə Müzəffər Ordumuzun şanını, qüdrətini düşmənə sübut edərək, beynəlxalq səviyyədə tanınan ərazilərimizi düşməndən azad etdi. Bu qələbə ilə Ali Baş Komandan tarixə şanlı qəhrəmanlıq salnaməsini qızıl hərflərlə həkk etdi. 44 günlük qısa bir dövr ərzində Müzəffər Ordumuz uğurlu hərbi əməliyyatlarla müasir dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümayiş etdirdi. Ölkə başçısının səriştəli diplomatiyası sayəsində Azərbaycan və azərbaycanlıları bütün dünya tanıdı. Beləcə, Odlar ölkəsi Azərbaycan, 30 ildir haqq savaşını görmək və eşitmək istəməyən dünyaya öz haqlı davasını göstərməyə və eşitdirməyə müvəffəq oldu. Ölkəmizin gücünü, qüvvətini, harda yaşamasından asılı olmayaraq milli həmrəyliyini, sarsılmaz xalq-dövlət birliyini, millətin qeyrətini, oğullarının Vətən məhəbbətini bütün dünya dövlətlərinə sübut edərək, onunla hesablaşmağa, dinlənilməyə vadar etdi. Artıq torpaqlarımız azaddır, dövlətimiz öz gücü və qüdrəti sayəsində bu münaqişəyə son qoymuşdur. Ancaq, Ermənistanın və bir sıra dünya dövlətlərin siyasi qüvvələri bu reallığı dərk etmək istəmir, görməzdən gəlməyə çalışırlar. Buna baxmayaraq, möhtərəm Prezidentimiz İlham Əliyev, uzaqgörən siyasi diplomatiyası ilə bölgədə sabitliyin hökm sürməsi, sülhün bərqarar olması istiqamətində böyük işlərin həllinə çalışır. Göstərdiyi davranış tərzi və bölgənin lideri olaraq, öz çıxışlarında və xarici mediyaya müsahibələrində, o, dünyaya gərəkli mesajlarını verərək, istənilən zaman danışıqlara hazır olduğunu bildirir. Ölkə rəhbəri cənab İlham Əliyevin 2021-ci il 02 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində onun qonşuluq və barış mövqeyini, bölgədə sülhün bərqərar olması, inkişafın, normal yaşamın təmin edilməsi istiqamətində var gücü ilə çalışdığını, xoş məramının diplomatik və əsl liderə yaraşan şəkildə sərgilədiyinin bir daha şahidi olduq. Dövlət başçımız bu müsahibəsində də bölgədə sülh üçün lazım olan işləri açıqladı, maraqlı güclərə təklif və mesajlarını verdi. Dövlət başçısı müsahibəsində bir daha qeyd etdi ki, “status yoxdur, hər kəs bu məsələni unutmalı, danışıqlar bu zəmində aparılmalıdır”. Ölkə başçısı, həmçinin müsahibəsində Dağlıq Qarabağın artıq mövcud olmadığını, iki iqtisadi zona-Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının bu ərazini əhatə etdiyini vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, “regionda birgəyaşayış qaçılmaz olduğu kimi, ərazilərin də qısa müddət ərzində bərpa olunması istiqamətində məsələlərin həll olunması çox gərəklidir. Azərbaycan ərazilərini işğaldan azad etməklə yanaşı, dünya güc dövlətlərinə işğalçı Ermənistanın 30 ildə ərazilərimizdə soyğunçuluq və barbarlıq fəaliyyətini də sübut etdi. Bu baxımdan Ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət siyasəti Azərbaycanın Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişafa böyük töhfələr verəcəkdir. Xalqımızın dövlət rəhbərinə, Prezidentinə güvəni tam, dəstəyi isə daimidir!
Nəzakət Məmmədova
Neftçala rayon sakini