Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 26-27 noyabr 2021-ci il tarixlərində “II Beynəlxalq Elm və Texnologiya” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın məqsədi mühəndislik və onunla əlaqəli sahələrdə çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni araşdırmaları, düşüncələri bölüşmək, universitet-dövlət-özəl sektor əməkdaşlıqlarını artırmaq, həmçinin rast gəlinən problemlərə birgə həll yolu tapmaqdır.
Beynəlxalq tədbir Təbiət elmləri, Kompüter elmləri və informasiya texnologiyaları, Kimya mühəndisliyi, Təbiət elmləri və mühəndisliyin inteqrasiyası, Mexanika və maşın mühəndisliyi, Proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi, Ətraf mühit və ətraf mühitin mühafizəsi, Memarlıq və inşaat, Logistika və nəqliyyat, Sənaye mühəndisliyi seksiyaları üzrə təşkil olunacaq.
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.
Ali təhsil müəssisələrinin elmi işçiləri və müəllimləri, mühəndis və texniki elmlər sahəsində mütəxəssislər, doktorantlar, aspirantlar və elmi işçilər konfransa qoşulmaqla öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək imkanı qazanacaqlar.
15 noyabr 2021-ci il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.
Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.
Konfransla bağlı daha ətraflı məlumatı https://beu.edu.az/az/announcement/bmu-da-ii-beynelxalq-elm-ve-texnologiya-adli-elmi-praktiki-konfrans-kecirilecek-157 linkinə daxil olaraq əldə etmək mümkündür.