Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin akrobatikasına həsr olunmuş "Çin bədii irsi" mövzusunda seminar keçirilib.
ADU-dan bildirilib ki, tədbirdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov 3 mindən çox tarixi olan Çin akrobatikasının milli xüsusiyyətlərindən danışıb və bunun Çin millətinin mədəni irsi olduğunu bildirib. R.Abbasov akrobatika teatrının atributlarından, funksiyalarından və idarəetmə üsullarından, ilk milli akrobatik truppasının yaranma tarixindən də bəhs edib. O, milli bayramlarda özünəməxsus bacarıqlarını nümayiş etdirən azərbaycanlı kəndirbazları da xatırladıb.
Seminarda ADU-nun çinşünaslıq ixtisasının tələbələri Çin akrobatikasının fərqli xüsusiyyətlərindən söz açıblar. Çin akrobatikasının iki əsas elementi - elastikliyi qoruyarkən akrobatın bədəninə nəzarəti və koordinasiyası qeyd edilib.
Həmçinin döyüş səhnələri oynanıldıqda və fəndlər icra edildikdə Çin akrobatikasının əsas üslubları haqqında da ətraflı məlumat verildi.