Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin Boğaziçi Universitetinin prorektoru, professor Gürkan Kumbaroğlu ilə görüş keçirilib.
Qonağı salamlayan BANM-in tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov Ali Məktəbin tarixi, tədris olunan ixtisaslar, bakalavr, magistratura və doktorantura pillələri üzrə tədris proqramı barədə geniş məlumat verib. BANM-in Azərbaycanda ingilis dilində tədris aparılan yeganə texniki ali məktəb olduğunu xatırladan Zəfər Qurbanov bildirib ki, hazırda burada müxtəlif ölkələrdən 30-dan çox əcnəbi tələbə təhsil alır.
O, Bakı Ali Neft Məktəbinin 10 ildir yaranmasına baxmayaraq, böyük uğurlara imza atdığını, məzunların tam olaraq işlə təmin olunduğunu və bir çox transmilli şirkətlərdə çalışdıqlarını qeyd edib.
Təmsil etdiyi ali təhsil ocağı haqqında məlumat verən Gürkan Kumbaroğlu Boğaziçi Universitetində beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini, Bakı Ali Neft Məktəbi ilə də əməkdaşlıq etmək niyyətində olduqlarını vurğulayıb. O, İnformasiya təhlükəsizliyi, Kimya mühəndisliyi, Kompüter mühəndisliyi, Biznesin idarəedilməsi ixtisasları üzrə əməkdaşlıq üçün imkanlar barədə məlumat verib.
Görüşdə, həmçinin tərəflər arasında tələbə mübadilə proqramlarının işlənib hazırlanması, müəllim-professor heyəti, elmi materialların mübadiləsi, birgə tədqiqat üzrə əməkdaşlığın perspektivləri, elmi-tədqiqat fəaliyyətlərinin reallaşdırılması müzakirə edilib. İki ali məktəb arasında müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq imkanları da müzakirə mövzularından olub.