Logo

9 oktyabr - Ümumdünya Poçt Günüdür

09.10.2021 09:17 447 baxış
IMG

Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd olunur.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə yaradılıb. Bu tarix 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində elan olunub.

Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş ÜPİ hazırda dünyanın, demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.

Poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən çox ölkəsində müxtəlif formalarda qeyd edilir. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətləri təqdim və ya təşviq edirlər. Bəzi poçtlar isə həmin gündə işçilərini yaxşı xidmətlərinə görə mükafatlandırırlar.

Azərbaycanın da 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb.

Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bir çox beynəlxalq təşkilatlarla yanaşı, 1993-cü ildən ÜPİ-yə üzv qəbul olunub və hazırda tamhüquqlu üzv kimi fəaliyyət göstərir. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçmiş və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.

Azərbaycan poçt administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), “Azərpoçt”un filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.

Azərbaycan poçtunun yaranmasından 213 il ötür

Bəşər övladı qədim zamanlardan bəri informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyub. İnformasiyanı ötürmək üçün insanlar qədimdə tonqallardan, qasidlərdən, öyrədilmiş xüsusi göyərçinlərdən və digər vasitələrdən istifadə ediblər. Azərbaycanda da yazılı məlumatların qasidlər vasitəsilə ötürülməsi qədim zamanlardan bəri mövcud olub. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Müasir formada poçt isə XIX əsrin 1-ci qərinəsində bərqərar olur. Beləliklə, 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılır. İlk poçt kontoru respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılır. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilir.

Azərbaycanda poçtun dəmir yol nəqliyyatı ilə daşınmasına 1883-cü il mayın 9-da Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb. 2002-ci ilin əvvəlindən başlayaraq isə “Azərpoçt” magistral marşrutlarda avtomaşınlar vasitəsilə həyata keçirilən poçt daşınmalarını respublikanın bütün rayon mərkəzlərinə poçt göndərişlərinin və dövrü mətbuatın gündəlik saat 14:00-dək çatdırılmasını təmin edir.

“Azərpoçt”un beynəlxalq sahədəki uğurlarından biri də ÜPİ-nin EMS Kooperativi tərəfindən sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə dünyanın 160-dan artıq poçt operatoru arasında keçirilən yarışlarda “Azərekspresspoçt” RM-nin ardıcıl 9 dəfə qızıl səviyyəli Sertifikatına layiq görülməsidir.

Azərbaycanın ilk poçt markaları

Azərbaycanın ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən başlayaraq dövriyyəyə buraxılıb. İlk poçt markası Azərbaycan əsgərinə həsr olunub.

Poçt ödənişi nişanı kimi birinci poçt markası 1840-cı ildə Böyük Britaniyada poçt dövriyyəsinə buraxılıb. Tezliklə bu hadisənin ardınca analoji poçt markaları başqa ölkələrdə, o cümlədən 1857-ci ildə Rusiyada da buraxılmağa başladı. O dövrdə Azərbaycan Rusiya İmperiyasının tərkibində olduğu üçün Azərbaycanda istifadə olunan birinci markalar Rusiyanın poçt markaları olub. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra Azərbaycan hökuməti tərəfindən poçt markalarının buraxılması haqqında qərar qəbul edilib. 1920-ci ildən 1923-cü ilədək olan dövr ərzində Azərbaycanın ərazisində sovet Azərbaycanının, Zaqafqaziya Federasiyasının, 1991-ci ilədək isə keçmiş SSRİ-nin markalarından istifadə olunub.

1992-ci ildən Azərbaycanın poçt markaları tarixində yeni səhifə açılıb. Həmin il iyulun 14-də “Azərmarka” yaradılıb və 1992-ci ildən bu günə kimi orijinal süjetli poçt markaları hazırlanaraq çap edilir.

Poçt markaları, Azərbaycan Respublikasının “Poçt haqqında” qanununa, Nazirlər Kabinetinin qərarına və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ödənişi nişanlarının buraxılması haqqında Əsasnamə”yə uyğun olaraq buraxılır. Bu sənədlərin əsasında hər il növbəti ildə buraxılacaq poçt markalarının tematik planı işlənib hazırlanır. Poçt markaları poçt ödənişi nişanları olmaqla bərabər, eyni zamanda, ölkə haqqında müəyyən məlumat daşıyıcılarıdır. Bu amilə əsasən, tematik plan tərtib edilərkən tarix, arxitektura, görkəmli şəxsiyyətlər, flora və fauna, ölkənin tarixində əlamətdar hadisələr və başqa məlumatlara geniş yer verilir. Buraxılış tematikasında Azərbaycanın görkəmli şəxsiyyətlərinin mövzusu xüsusi yer tutur. Bu siyahıda Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevə həsr olunmuş poçt markalarını xüsusi qeyd etmək lazımdır. Bu mövzuda 12 marka və 9 poçt bloku buraxılıb.

Poçt markaları vasitəsilə 20 Yanvar və Xocalı faciələri, həmçinin Qarabağın şəhərləri, onun flora və faunası haqqında dünyanın geniş kütlələrinə məlumatlar çatdırılır. Azərbaycan Respublikasının BMT-nin və Avropa Şurasının tərkibinə daxil olması, diplomatik münasibətlərin yaranması və sair üzrə beynəlxalq həyatdakı fəaliyyət mövzusu, buraxılış tematikasında mühüm yer tutur.

Poçt markalarında Azərbaycanın müstəqilliyi mövzusu geniş qeyd edilir. Azərbaycanın birinci poçt markasından başlayaraq, bu günədək müstəqilliyə həsr olunmuş 10-dan çox poçt markası buraxılıb. Bununla yanaşı, dövlət atributlarına, ölkəmizin iqtisadi inkişafına, milli bayramlarına, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.

Flora və fauna mövzusu geniş və müxtəlifdir, belə ki, bu mövzuda Şəki yasaqlığına və Azərbaycan meyvələrinə həsr edilmiş poçt markalarını qeyd etmək lazımdır. İran, Qazaxıstan, Meksika, Rusiya, Belarus və Ukrayna ilə bir neçə birgə markalar buraxılıb.

1919-cu ildən bu günədək Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış bütün markaların, “Birinci gün” zərflərinin, markalanmış zərflərin və poçt kartlarının, xüsusi ştempellərin nümunələrini özündə əks etdirən 8 kataloq nəşr edilib.

Bu dövrdə “Heydər Əliyev və Azərbaycan rabitəsi”, “Azərbaycan rabitəsi müstəqillik dövründə 1991-2001” adlı kitablar və “İçərişəhər” haqqında, “Azərbaycan dövlət müstəqilliyinin 20 illiyi” ilə əlaqədar, “Azərbaycan gömrük muzeyinin xəzinəsi”, “Eurovision Bakı-2012” mahnı müsabiqəsinə, “Qarabağ poçt markalarında” mövzusuna və “Birinci Avropa Oyunları”na həsr edilmiş markalardan ibarət kitablar hazırlanaraq çap olunub. Həmçinin IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları da dövriyyəyə buraxılıb.

1992-ci ildən filateliya sahəsi ölkəmizdə daha uğurla inkişaf etməyə başlayıb. Beləliklə, həmin dövrdən müxtəlif mövzulara aid 1140 poçt markası, 14 növ markalanmış, yüzlərlə növ markalanmamış poçt zərfləri hazırlanaraq satışa çıxarılıb. Bundan əlavə, beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi ilə birgə 17 poçt markası da dövriyyəyə buraxılıb.

Xəbər lenti