Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə icra edilən “Yem kalkulyatoru” pilot layihəsinin növbəti müzakirəsi keçirilib.
Tehsil.biz xəbər verir ki, onlayn formatda keçirilən təqdimatda Azərbaycan Texniki Universitetinin (AzTU), Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) və iri fermer təsərrüfatlarının nümayəndələri iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, “Yem kalkulyatoru” layihəsi ölkənin 94%-ni əhatə edən kiçik və orta fermer təsərrüfat sahiblərinin istifadəsi üçün nəzərdə tutulub. Qeyd edib ki, yem kalkulyatoru müxtəlif növ heyvanların yemlənməsi üçün zəruri yem qarışığını müəyyən etməyə imkan verəcək faydalı mobil tətbiqdir.
Layihənin müəllifi Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin Zootexniki xidmətlər sektorunun müdiri Tərlan Əskərov yem kalkulyatorunun iş prinsipi və hesablama qaydası barədə məlumat verib.
Daha sonra iştirakçıların yem kalkulyatoru layihəsi üzrə rəy və təklifləri dinlənilib.