Logo

Məktəbə qayıdış: Valideynlər üçün suallar və cavablar

10.10.2021 20:35 767 baxış
IMG

Uşaqlarımızı yenidən məktəbə göndərməyə hazırlaşdığımız zaman, onları ən yaxşı şəkildə COVID-19-dan necə qoruyacağımıza dair suallarımız ola bilər. Məktəblərin bağlanmasının uşağın rifahına əhəmiyyətli təsiri var. Uşaqların mümkün olduqca həmyaşıdları ilə ünsiyyət qurmaq, öyrənmək və emosional inkişaf etmək imkanının olması önəmlidir. Aparılan araşdırmalar göstərir ki, uşaqlar böyüklərdən daha az riskə məruz qalırlar, lakin onlar virusu başqalarına, o cümlədən digər xəstəlikləri olan uşaqlara da ötürə bilərlər.

COVID-19 qaydaları, prosedurları və təhlükəsizlik protokolları haqqında məlumatları məktəbinizdən əldə edin.

Tehsil.biz hər kəsin sağlam qalmasına kömək edəcək bir neçə əsas sualların cavablarını təqdim edir:

1. Bu il uşağımı məktəbə göndərməliyəm?

Qısa cavab: Əlbəttə! Göründüyü kimi, məktəblərin bağlanması uşaqların sağlamlığına və rifahına, eləcə də onların təhsilinə mənfi təsir göstərir. İşçi heyət və müəllimlər COVID – 19 dair tövsiyə olunan ehtiyat tədbirlərinə riayət etdikdə və əllərin yuyulması, fiziki məsafənin saxlanılması və havalandırma üzrə təhlükəsizlik protokolları fəaliyyət göstərdikdə, uşaqların məktəbə yenidən qayıtması, hətta yeni ştammlar şəraitində, onlar üçün az risklidir. Uşağınız COVİD-19 simptomları ilə xəstədirsə, onu sağalana qədər evdə saxlayın.

2. Uşağımı məktəbə necə hazırlamalıyam?

Uşaqlarınıza, məktəbə qayıdışın onlara dostları və müəllimləri ilə birgə vaxt keçirmək, gündəlik məşğuliyyətlər və fəaliyyətlər kimi bütün əyləncəli və maraqlı şeyləri geri gətirəcəyini xatırladın. Onlarla əllərin təmiz saxlanılması, fiziki məsafənin gözlənilməsi, öskürək və ya asqırma zamanı ağız və burunların dirsək və ya salfet ilə tutulması daxil olmaqla COVID-19-dan qorumağın ən yaxşı üsulları haqqında danışın. Maskalar tövsiyə edildikdə, uşaqlar ağız və burunlarını bağlayaraq maskaları necə geyinməyi, onları necə yumağı və atmağı başa düşməlidirlər.

Siz həmçinin yaşca balaca uşaqları da cəlb edərək, onlar üçün də məktəbə qayıdışı əyləncəli edə bilərsiniz. Buna dair bəzi ideyalara əl yuma prosedurlarını və təhlükəsizlik qaydalarını yadda saxlamaq üçün mahnıların bəstələnməsi daxildir. Siz həmçinin onlara, məsafə saxlamaqla dostları ilə görüşməyin əyləncəli yollarını göstərə bilərsiniz - bu sadə əl yelləmə və ya hətta digər hərəkətlə ola bilər!

3. Məktəbə qayıdışla bağlı uşağım həyəcan keçirərsə, nə edim?

Uşaqlarda məktəbə qayıdış perspektivi ilə bağlı narahatıq ola bilər. Stress əlamətlərinə diqqət yetirin və uşaqınızı narahatlıqları barədə açıq danışmağa təşviq edin. Onları əmin edin ki, məktəb, hər kəsi COVID-19-dan qorumaq üçün əlindən gələni edir və hamımız öhdəmizə düşəni edə bilərik. Dürüst olmağı və onların hisslərinə qarşı anlayışlı davranmağı unutmayın. Ən əsası –uşağınızı, onun yeni tədris ilində əminlik hissinə təşviq etməkdir!

4. Uşağım xəstələnərsə, nə edim?

Əgər uşağınızda qızdırma, burun tutulması, boğaz ağrısı və ya öskürək kimi hər hansı xəstəlik əlaməti varsa, ən yaxşısı onu məktəbə göndərməyin. Məktəbinizin qaydalarına əməl edin və lazım olduqda tibbi yardım üçün müraciət edin. Digər tərəfdən, əgər uşağınız COVID-19-a yoluxmuş şəxslə təmasda olubsa, yerli səhiyyə orqanlarının özünütəcrid tövsiyələrinə riayət edərək, onu mütləq evdə saxlayın. Siz müəllimlə əlaqə yaradaraq və ya telefon, e-poçt və ya digər hər hansı rabitə kanalı vasitəsilə məktəbinizi bu haqda məlumatlandıra bilərsiniz. Məktəb və ya müəllimlə, onlarla əlaqə saxlamaq üçün ən yaxşı üsul haqqında məsləhətləşin.

5. Həmçinin, uşağım məktəbdən evə gəldiyi zaman, mən hər hansı əlavə ehtiyat tədbirləri görməliyəm?

Məktəblər, uşaqlar və onların ailələri üçün təhlükəsiz yer olmağa hazır olmalıdırlar. Uşağınızdan və ya müəllimdən onları digər insanlar ilə sıx təmasa gətirə biləcək fəaliyyətlər haqqında sizə məlumat verməklərini xahiş edin. Ümumiyyətlə, əgər məktəblərdə tövsiyə olunan təhlükəsizlik tədbirləri görülürsə, uşaqların evə qayıtmasından narahat olmayın. Bununla belə, əgər siz və ya ailənizdə hər kimsə yaş və ya digər əlaqədar xəstəliklər səbəbiylə COVID-19-un ağır infeksiya riskinə məruz qalıbsa, bu şəxsin fiziki məsafə daxil olmaqla qoruyucu tədbirlərə əməl etdiyinə və mümkün olan kimi peyvəndləndiyinə əmin olun.

Uşağınıza evə təhlükəsiz tərzdə qayıtmağın yolları haqqında məsləhət verin. Məsələn, onlara izdihamlı məktəb avtobuslarından və ya ictimai nəqliyyatdan qaçınmaq üçün piyada və ya velosipedlə gedib-gəlməyi tövsiyə edə bilərsiniz. Əgər bu mümkün deyilsə və sizin ərazinizdə avtobus daxil olmaqla, bağlı və izdihamlı yerlərdə, ağız və burunu bağlayan maskalardan istifadə etməyi onlara xatırladın. Uşağınız evə gəldikdə lazımi gigiyenik prosedurlara əməl edtiyinə əmin olun.

6. Uşağım məktəbdə xəstələnsə, nə edim?

Məktəbdə olarkən uşağınızda COVID-19 simptomları özünü biruzə versə, müəllim və ya məktəb personalı sürətlə hərəkət etməlidir. Yerli səhiyyə orqanlarının rəhbər prinsiplərinə uyğun olaraq atılmalı olan hərəkətləri qiymətləndirmək üçün dərhal valideynlərlə əlaqə saxlamaq lazımdır. COVID-19 testinin aparılmasının zəruriliyini qiymətləndirmək və testin nəticələri barədə məktəbi məlumatlandırmaq üçün uşağınızın həkimi ilə əlaqə saxlayın. Həkimin tövsiyəsinə qədər uşağı evdə saxlayın və ya səhiyyə orqanları tərəfindən hazırlanmış özünütəcrid protokollarına əməl edin.

7. Övladımın sinif yoldaşı və ya müəllimi məktəbdə xəstələnsə, nə edim?

Əgər məktəb övladınızın sinif yoldaşının və ya müəlliminin COVID-19 üçün test nəticəsinin müsbət çıxdığını bildirsə, uşağınızda simptomları izləyin və yerli səhiyyə orqanlarının özünütəcrid tövsiyələrinə əməl edin. Əgər övladınızda qızdırma, öskürək və ya yorğunluq kimi COVID-19 simptomları təzahür edərsə, tibbi yardım üçün müraciət edin. Övladınızın məktəbə getməsinin təhlükəsiz olub-olmaması və təhsil cədvəli barədə xəbər və ya yenilənmiş məlumat almaq üçün məktəblə əlaqə saxlayın. Siz müəllim və məktəblə telefon və ya digər mövcud rabitə kanalı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

8. Astma, piylənmə, diabet və digər xəstəliklər olan uşaqlar məktəbə qayıda bilərmi?

Cavab uşağın hazırki səhhətindən, yaşadığı icmada COVID-19 ilə bağlı vəziyyətdən və məktəbin həyata keçirdiyi təhlükəsizlik tədbirlərindən asılıdır. Məktəbdə əllərin yuyulması, fiziki məsafənin gözlənilməsi və havalandırma daxil olmaqla təhlükəsizlik protokollarının icrasına əmin olun.

Təsdiq olunmuş məlumatlara görə, əksər hallarda, COVID-19 yoluxduğu zaman uşaqlarda asimptomatik və ya yüngül simptomlar müşahidə olunur, lakin patologiyası riskli insanlarda (astma, diabet və ya piylənmə) ciddi COVID-19  simptomlarının inkişaf etmə və ya hətta ölüm ehtimalı daha çoxdur. Bu təsirlər uşaqlarda da özünü göstərir, lakin digər xəstəlikləri olan uşaqlarda COVID-19 təsirlərini daha yaxşı başa düşmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Xəbər lenti