Logo

Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib

24.11.2020 14:52 112 baxış
IMG

Gürcüstanın elm, mədəniyyət və ictimai xadimlərinin iştirakı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan onlayn dəyirmi masa keçirilib.

 

ADU-dan Tehsil.biz-ə bildirilib ki, tədbirə moderatorluq edən professor David Qoçeridze Xalq yazıçısı və akademik Kamal Abdullanın bədii və elmi yaradıcılığı haqqında geniş məlumat verib. D.Qoçeridze yazıçının əsərlərinin dünya dillərinə tərcüməsi haqqında danışıb və əlavə edib ki, Kamal Abdulla bir ziyalı kimi Azərbaycanın ictimai və humanitar həyatında fəal iştirak edir, ədəbi-ictimai fikrin inkişafında xüsusi rol oynayır. O, Kamal Abdullanın 70 illik yubileyinin qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirərək, gürcü ziyalılarının təbriklərini çatdırıb.

 

Tbilisi Dövlət Universitetinin Humanitar elmlər fakültəsinin dekanı, professor N.Qaprindaşvili Kamal Abdullanın ədəbiyyatşünaslıq, tənqid, televiziya istiqamətindəki fəaliyyətinə toxunub, eyni zamanda, Gürcüstanda premyerası keçirilən tamaşaları haqqında məlumat verib.

 

Həmin universitetin professoru, Gürcüstan Prezident Administrasiyasının sabiq rəhbəri Vasili Kaçarava yazıçının elmi və ədəbi fəaliyyətinin qlobal mahiyyət daşıdığını, müraciət etdiyi mövzuların dünyəvi dəyərlərə söykəndiyini diqqətə çatdırıb.

 

Tərcüməçi Tamara Şarabidze Kamal Abdullanın əsərlərinin – “Kim dedi ki, Simurğ quşu var imiş” pyesinin, “Yarımçıq əlyazma” romanının və “Adaşlar” hekayəsinin gürcü dilinə tərcüməsindən danışıb, gürcü oxucusunun bu əsərlərə göstərdiyi marağı yüksək qiymətləndirib.

 

Tədbirdə dinləyici qismində iştirak edən Telavi Universitetinin professoru Marina İngorokva, Kutaisi Dövlət Universitetinin müəllimi Tamara Guchu, Tbilisi Dövlət Universitetinin doktorantları Anna Dolidze, Anna Akhobadze, Tamta Qonqadze və başqaları intellektual prozanın müəllifi kimi tanınan Kamal Abdullanın geniş səpkili yaradıcılığında postmodernizm, onun əsərlərindəki Şərq koloriti, qəhrəmanlarının psixoloji portreti və s. məsələlərlə bağlı suallar ünvanlayıblar.

 

Akademik Kamal Abdulla dəyirmi masanın keçirilməsinə görə gürcü ziyalılarına minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında bütün sahələrdə, o cümlədən humanitar sahədə əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında olan dostluq münasibətləri gələcək sıx əlaqələrə təminat verir.

Xəbər lenti