Logo

Sinif otağını səngərə dəyişən 3 uşaq atası - Fotolar

11.10.2021 14:33
IMG

Tehsil.biz oxuculara Vətən müharibəsində iştirak etmiş müəllim Şahin Hüseynovun bioqrafiyasını təqdim edir:

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən və yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən Şahin Mirzəbala oğlu Hüseynov 1976-cı il mayın 7-də anadan olub.

1993-cü ildə Lerik rayonu E.Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirib.

1994-1998-ci illərdə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsil alıb.

Azərbaycan Silahlı Qüvvələrində 21 illik nümunəvi xidməti ilə fərqlənib. 1998-ci ildə leytenant, 2000-ci ildə baş leytenant, 2003-cü ildə kapitan, 2007-ci ildə isə mayor rütbəsi alıb.

Hərbi xidmətdə olduğu dövrdə bir sıra təltiflərə layiq görülüb. O, Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, “Qüsursuz xidmətə görə” I dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı ilə təltif olunub.

2016-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 326 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

Üç övlad atası olan Ş.Hüseynov Vətən Müharibəsi başlayan kimi cəhbəyə yollanıb. Ş.Hüseynov müharibə dövründə Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənə layiqli cavab verib.
Vətən Müharibəsindəki xidmətlərinə görə “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb.

Sinif otağını səngərə dəyişməklə şərəfli müəllimlik peşəsində ən uca zirvəyə yüksəldiyini deyən Ş.Hüseynov bundan sonra qalib ölkənin qalib əsgəri kimi yetirmələrini daha şövqlə hazırlaşdıracağını bildirir.

Xəbər lenti