Logo

BDU-da görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 82 illik yubileyi münasibətilə tədbir keçirilib

11.10.2021 20:19 401 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə unudulmaz şərqşünas alim, professor Aida İmanquliyevanın anadan olmasının 82 illik yubileyi münasibətilə onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan professor Elxan Əzizov Aida İmanquliyevanın həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Bildirib ki, 1962-ci ildə Şərqşünaslıq fakültəsinin ilk ərəbşünas məzunlarından olan Aida İmanquliyeva 1966-cı ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib, həmin ildən Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlayıb, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, 1991-ci ildən ömrünün son günlərinədək direktor vəzifələrində çalışıb. 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru olan Aida xanım elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, uzun müddət BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs aparıb. Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor olan Aida İmanquliyevanın Şərq-Qərb ədəbi və mədəni əlaqələrini araşdıran ilk azərbaycanlı olduğunu vurğulayan E.Əzizov alimin geniş dünyagörüşü və zəngin mütaliəsini tədqiqatlarının əsas uğurunu şərtləndirən amillər olduğunu, nəcib və yüksək əxlaqi keyfiyyətlərə malik olması və fədakar ana simvolu olduğu qeyd olunub.

Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov görkəmli alimin Azərbaycan şərqşünaslıq elmində mövqeyi, peşəkar ərəbşünas kadrların hazırlanmasındakı xidmətlərindən danışaraq, uzun illər Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərdiyini, ərəb filologiyası fənnindən oxuduğu maraqlı mühazirələri ilə yetirmələrinin yaddaşlarında dərin izlər buraxdığını diqqətə çatdırıb.

Tədris işləri üzrə dekan müavini Tərlan Məlikov alimin elmi fəaliyyətinin dünya şərqşünasları üçün dəyərindən, apardığı tədqiqatların yalnız yeniliyi ilə seçilməsindən söz açıb.

Sonda fakültənin tələbələri görkəmli alimin həyat və fəaliyyəti, o cümlədən şərqşünaslıq elminə verdiyi töhfələrindən danışıblar.

Xəbər lenti