Logo

Meksikanın səfiri: “İnanıram ki, təhsil sahəsində əməkdaşlığımız xalqlarımızı daha da yaxınlaşdıracaq”

12.10.2021 09:01
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

Rektor iki ölkə arasındakı müxtəlif istiqamətli əlaqələri yüksək dəyərləndirib. K.Abdulla Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər haqqında danışıb, ölkəmizin regionda oynadığı böyük rola toxunub. Qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük Zəfəri ilə başa çatıb, işğal altında olan torpaqlarımız düşməndən azad olunub.

K.Abdulla ADU-da ispan dilinin tədrisinə verilən böyük önəmə toxunub, universitetin müxtəlif istiqamətli beynəlxalq layihələri haqqında danışıb. Diplomatı ADU-nun “Səfir saatı” layihəsinə dəvət edən K.Abdulla tələbələrin bu layihəyə böyük maraqla yanaşdığını deyib: “Əlbəttə, biz Meksikanın öndə gedən universitetlərindən biri ilə əməkdaşlıq qurmaqda, müxtəlif istiqamətlərdə layihələr həyata keçirməkdə maraqlıyıq. Belə bir əməkdaşlığın qurulmasına səfirlik tərəfindən dəstək olarsa, biz həmin universitetin professorlarını dəvət edər, vacib təcrübə mübadiləsi həyata keçirə bilərik”. 

Xuan Rodriqo Labardini Flores təhsil sahəsində əməkdaşlığın xaqları daha da yaxınlaşdıran amil olduğunu, bu istiqaməti rəhbərlik etdiyi qurumun prioriteti kimi xüsusi vurğulayıb: “İnanıram ki, bizim təhsil sahəsində əməkdaşlığımız xalqlarımızı daha da yaxınlaşdıracaq. Təşəkkür edirəm ki, tələbələri ispan dili öyrənməyə təşviq edirsiniz, bu işə böyük diqqət göstərirsiniz. Meksika universitetləri ilə əməkdaşlıq təklifinizi yüksək dəyərləndiririk. Eyni zamanda, ədəbiyyat sahəsində gələcək əlaqələri də vacib istiqamət hesab edirik. Bu, digər mövzularda təmasımıza köməklik göstərə bilər. Çünki mədəniyyət böyük dəyər, böyük təsir qüvvəsi deməkdir”.

Görüşdə Xalq yazıçısı Kamal Abdulla müəllifi olduğu və portuqal dilində çap olunan “Yarımçıq əlyazma” romanını səfirə hədiyyə edib. 

Xəbər lenti