Logo

2021-ci ilin inqilabi kəşfləri

12.10.2021 12:53 569 baxış
IMG

Nobel mükafatı laureatlarının adları açıqlandı

İsveçin paytaxtı Stokholmda Nobel Mükafatları Komitəsi ənənəyə uyğun olaraq, ayrı-ayrı elm sahələrində 2021-ci il üçün Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.  Oktyabrın 4-də ilk olaraq fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının adı məlum olub.  www.nobelprize.org  saytının məlumatına əsasən, İsveçin Karolinsk İnstitutu tərəfindən elan edildiyi kimi, fiziologiya və tibb üzrə mükafata “Temperatur və toxunma reseptorlarını kəşf etdiyinə görə” amerikalı Devid Culius layıq görülüb.

Professor D. Culius karyerası ərzində təsir, ağrı və istilik kimi insan hisslərinin necə işlədiyini, eləcə də sinir uclarının istiliyi necə hiss etdiyini öyrənib.
“Bu kəşf  bizim sinir sistemimizin istilik, soyuq və mexaniki qıcıqlandırıcıları necə qəbul etdiyinə dair anlayışlarımızın sürətlə genişlənməsinə səbəb olan intensiv tədqiqat fəaliyyətinin başlanğıcını qoyub”, - deyə Nobel Mükafatları Komitəsi bəyan edib.                                         

***

Fizika  sahəsində Nobel mükafatına “Dünyada iqlim dəyişikikləri kimi mürəkkəb fiziki sistemləri anlamağa kömək edən tədqiqatlarına görə” ABŞ-ın Prinston Universitetindən Sykuro Manabe, Almaniyanın Maks Plank İnstitutundan Klaus Hasselmann, İtaliyanın Roma Sapiensa Universitetindən Corc Parisi layiq görülüblər.

Akademiya qeyd edib ki,  Manabe və Hasselmannın işləri "Yerin iqlimi və bəşəriyyətin ona necə təsir etdiyi haqqında biliklərimizin bünövrəsini yaradıb". Professor Manabe  atmosferdəki karbon qazının artmasının Yer səthində istiliyin artmasına səbəb olması mövzusunda araşdırmalara rəhbərlik edib. Professor K. Hasselmann hava və iqlimin bir-biri ilə əlaqəsini ortaya çıxaran model yaradıb.

C. Parisi isə karyerası boyunca kompleks nizamsız materiallarda gizlənmiş nümunələri aşkar edərək elm və riyaziyyatın bütün sahələrində rast gəlinən bir-birinə əks və tamamilə təsadüfi fenomenləri anlamağa imkan verən tədqiqatlar aparıb. "S. Manabe və K. Hasselmann iqlim və insanların ona necə təsir etdikləri haqqında biliklərimizin əsasını qoydular",- deyə İsveç Kral Akademiyası bildirib           

 ***

Kimya sahəsində Nobel mükafatına “Asimmetrik orqanokatalizin inkişafına görə”  Almaniyanın Maks Plank İnstitutundan Bencamin List və amerikalı, Prinston Universitetinin professoru Devid Makmillian layiq görülüb.  Nobel Mükafatları Komitəsinin açıqlamasında qeyd olunub ki, uzun müddət elm adamları yalnız iki növ katalizatorun - metallar və fermentlərdən ibarət olduğuna inanıb. Bir-birindən asılı olmayaraq, Bencamin List və Devid Makmillian üçüncü növ - kiçik üzvi  molekullara əsaslanan asimmetrik organokataliz hazırlayıb. "Bu, kimyanı nəinki, ekoloji cəhətdən daha təmiz edib, həm də asimmetrik molekulların istehsalını asanlaşdırıb" - deyə  Nobel Mükafatları Komitəsinın açıqlamasında qeyd olunub.                                                   

***

Oktyabrın 7-də İsveç Akademiyasının qərarı ilə  2021-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına İngiltərədə yaşayan tanzaniyalı yazıçı Abdulrazak Gurnah layiq görülüb. O, bu mükafata  “Müstəmləkəçiliyin nəticələrinə və mədəniyyətlər və qitələr arasındakı uçurumda bir qaçqının taleyinə yanaşmada barışmaz və şəfqətli mövqeyinə görə”  layiq görülüb                           

 ***

Oktyabrın 8-də Osloda 2021-ci il üzrə Nobel Sülh mükafatının sahiblərinin adları açıqlanıb. Mükafatın demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığının qorunması sahəsində səylərinə görə filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratova verilməsi qərara alınıb.                                 

 ***
Oktyabrın 11-də  Nobel Mükafatları Komitəsi  2021-ci il üçün iqtisadiyyat elmləri üzrə mükafatın sahibinin adını açıqlayıb. İsveç Dövlət Bankının Alfred Nobelin xatirəsinə təsis etdiyi mükafata  “Səbəb-nəticə əlaqələrinin təhlilinə metodoloji töhfələrinə görə”  amerikalı iqtisadçı alimlər Coşua Angrist və Guido İmbens,  eləcə də “Əmək iqtisadiyyatına verdiyi empirik töhfəsinə görə” David Kard layiq görülüb.   

İqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab olunur.  İsveç bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək. Ötən ildə olduğu kimi, bu il də hər nominasiyada Nobel mükafatının pul məbləğı  10 milyon kron (1.19 milyon ABŞ dolları) təşkil edəcək.

Fiziologiya və tibb üzrə laureat

Devid Culius 1955-ci ildə Nyu-Yorkun  Brayton-Beach rayonunda anadan olub. Buradakı Abraham Linkoln orta məktəbini bitirib. Atası mühəndis, anası isə ibtidai sinif müəllimi olub. 1977-ci ildə Massaçusets Texnologiya İnstitutunda bakalavr, 1984-cü ildə Berkli Kaliforniya Universitetində fəlsəfə doktoru dərəcəsi alıb. 1990-cı ildən San-Fransisko Kaliforniya Universitetinin professorudur.  ABŞ Milli Elmlər Akademiyasının (2004), Amerika İncəsənət və Elmlər Akademiyasının (2005) üzvü, Macarıstan Elmlər Akademiyasının xarici üzvüdür.  Tibb sahəsində bir sıra nüfuzlu elmi mükafatlara (Qayrdner, Rosenstil, Kavli, tibb sahəsində irəliləyişə görə və s.) layiq görülüb.

Fizika üzrə laureatlar

Sykuro Manabe  1931-ci ildə Yaponiyanın Ehime prefekturasının Uma rayonunun Sinritsu kəndində anadan olub. Bakalavr, magistr və fəlsəfə doktoru elmi dərəcələrini Tokio Universitetində alıb. İqlim sahəsində tədqiqatlar aparmaq üçün ABŞ-a  gedib.  1997-ci ilədək ABŞ Hava Bürosunda çalışıb.  1997- 2001-ci illərdə  Yaponiyada qlobal dəyişikliklər tədqiqatları sistemində qlobal istiləşmə şöbəsinə rəhbərlik edib. 2002-ci ildə dəvət olunmuş elmi işçi kimi Prinston Universitetinin Atmosfer və Okean Elmləri Proqramında çalışmaq üçün ABŞ-a qayıdıb. O, həmçinin 2007- 2014-cü illərdə Naqoye Universitetinin xüsusi dəvət olunmuş professoru kimi çalışıb. Hazırda Prinston Universitetində  baş meteoroloq vəzifəsində çalışır.

S.Manabe ABŞ Milli Elmlər Akademiyasının üzvü,  Yaponiya Elmlər Akademiyasının, Avropa Akademiyasının  və Kanada Kral Cəmiyyətinin xarici üzvüdür.

Klaus Hasselmann (alman fiziki, okeanoloq, meteoroloq, klimatoloq, statistic)   1931-ci ildə Almaniyanın Hamburq şəhərində anadan olub.  1955-ci ildə Hamburq Universitetini bitirib,  fizika və riyaziyyat üzrə təhsil alıb. 1955-1957-ci illərdə Gettinqen Universitetində və Max Plank Mayelərin Dinamikası İnstitutunda fizika və hidrodinamikanı öyrənib. 1957-ci ildə Gettingen Universitetində doktorluq dərəcəsi alıb. 1957-1961-ci illərdə Hamburq Universitetinin Hərbi-Dəniz Memarlığı İnstitutunda təcrübəçi-tədqiqatçı vəzifəsində çalışıb.  1999-cu ildən Max Plank Meteorologiya İnstitutunun fəxri üzvüdür.  Qlobal istiləşmə sahəsində əsərlərindən ən çox sitat gətirilən 2 alimdən biridir. Hazırda  Maks Plank Hamburq adına Meteorologiya İnstitutunun professoru olan K.Hasselmann İsveç Kral Elmlər Akademiyasının  (xarici), Avropa Geonuk və Kral Meteorologiya Cəmiyyətinin fəxri, Avropa Elmlər və İncəsənət Akademiyasının, Alman Meteorologiya Cəmiyyətinin və Tətbiqi Riyaziyyat və Mexanika Cəmiyyətinin üzvüdür.  Elmi nailiyyətlərinə görə  bir çox elmi  mükafatlara layiq görülüb.

Corcio Parisi 1948-ci ildə Romada anadan olub. 1970-ci ildə Roma Sapienza Universitetini bitirib. 1971-1981-ci illərdə  Milli Nüvə Fizikası İnstitutunda , həmçinin dəvətli elmi işçi  kimi Kolumbiya Universitetində (1973-1974), Ali Elmi  Tədqiqatlar İnstitutunda (1976-1977) və Paris Ali Normal Məktəbində (1977-1978) çalışıb. 1981-1992-ci illərdə Roma Tor Verqat Universitetində nəzəri fizika üzrə professor olub, hazırda Sapienza Universitetinin kvant fizikası professorudur.  İtaliya . Fransa , ABŞ Elmlər akademiyalarının üzvüdür. 2018-ci ildə İtaliya Respublikası Elmlər Akademiyasının  prezidenti seçilib. Elmi tədqiqatları bir çox mükafatlarla qeyd olunub. O, Feltrinelli  (1986), Dirak (1999), İtaliya Baş nazirinin ı (2002), Enriko Fermi  (2003), Danni Haynemanın  (2005), Volf mükafatlarına (2021) , Boltsman medalına (1992) layiq görülüb.                              

Kimya üzrə

Alman kimyaçısı Bencamin List  1968-ci ildə anadan olub.  O, orqanokatalizin, kimyəvi reaksiyaların sürətləndirilməsi və onların səmərəliliyinin artırılması metodunun müəlliflərindən biridir. 1993-cü ildə Berlin Azad Universitetini bakalavr, 1997-ci ildə Höte Universitetini magistr dərəcəsi ilə bitirib. Doktorluq işini ABŞ-ın La-Xoye şəhərində Skripps Tədqiqat İnstitutunda yerinə yetirib. Postdoktor tədqiqatçısı kimi 1997-1998-ci illərdə ABŞ-da çalışıb. 2003-cü ildə Maks Plank adına Kömür Tədqiqatları İnstitutunda qrup rəhbəri kimi fəaliyyətə başlamaq üçün Almaniyaya qayıdıb. 2005-ci ildə isə homogen kataliz şöbəsinə rəhbərlik edərək institutun direktorlarından biri, 2012- 2014-cü illərdə  isə icraçı direktoru olub. 2004-cü ildən Köln Universitetinin üzvi kimya üzrə fəxri professorudur.  B.List 2 dəfə Avropa Tədqiqat Şurasının (ERC) qrantını alıb. Bu qrantların ümumi məbləğı 4,5 milyon avro təşkil edir. Ümumilikdə isə, son 10 il ərzində ERC –in qrantını almış 10 alim Nobel mükafatına  layiq görülüb. 

David Makmillan 1968-ci ildə Şotlandiyanın  Belşill şəhərində anadan olub. Britaniya-Amerika üzvi kimyaçısıdır. Qlazqo Universitetini bitirib (kimya, bakalavr, 1991).  Doktorluq tədqiqatlarını Kaliforniya və Harvard universitetlərində  aparıb. Karyerasına 1998-ci ildə Kaliforniya Universitetində başlayıb. 2000-ci ildə Kaliforniya Texnologiya İnstitutuna keçib. 2006-cı ildən Prinston Universitetinin kimya kafedrasında professor vəzifəsində çalışır.
 Prinston Universitetinin əməkdar universitet professoru, London Kral Cəmiyyətinin (2012) və ABŞ Milli Elmlər Akademiyasının (2018), Edinburq Kral Cəmiyyətinin (2013)  üzvüdür. 2009-2014-cü illərdə “Chemical Scienceruen” jurnalının baş redaktoru olub. 2012-ci ildən Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür. Kral Kimya Cəmiyyətinin Yüz illik (2019),  eləcə də ABŞ və dünyanın çoxsaylı elmi cəmiyyət və fondlarının nüfuzlu mükafatlarına layiq görülüb.

Ədəbiyyat üzrə laureat

Abdulrazak Gurnah  1948-ci ildə Hind okeanının Zənzibar adasında anadan olub. 1963-cü ilin dekabrında Britaniya müstəmləkəçiliyindən sülh yolu ilə azad edildikdən sonra Zənzibarda baş vermiş inqilab nəticəsində  müsəlman əhalisinə qarşı təzyiqlər artıb. Gurnah təzyiqlərə məruz qalan etnik qrupun üzvü kimi məktəbi bitirdikdən sonra on səkkiz yaşında ölkəsini tərk edib və Britaniyaya sığınıb. Təqaüdə çıxana qədər Gurnah İngiltərənin Kent Universitetində ingilis və postkolonial ədəbiyyat professoru idi. Gurnahın on roman və bir sıra hekayələri çap olunub. Əsərlərini ingilis dilində yazan Abdulrazak Gurnah  dünyada “Cənnət” və “Fərarilik” adlı romanları ilə tanınır. 

Sülh üzrə laureatlar

Amerika-Filippin jurnalisti Mariya Rosa 1963-cü ildə Manila şəhərində (Filippin) anadan olub. 1973-cü ilin dekabrında  daimi yaşayış üçün ABŞ-a köçüb. Prinston Universitetində ingilis dili üzrə bakalavr dərəcəsi alıb. 1986-cı ildə Fulbrayt qrantı sayəsində Filippin Universitetinin aspiranturasında təhsil alıb. 1987-1991-ci illərdə Filippin Universitetinin Kütləvi Kommunikasiyalar Kollecində müəllimlik edib. 2005-ci ildə ABS-CBN xəbər qrupunun baş vitse-prezidenti olub, altı il ərzində Filippində ən böyük xəbər şirkətinə rəhbərlik edib. 2012-ci ildə  Filippinin aparıcı online xəbər resurslarından biri olan rappler.com onlayn platformanın həmtəsisçisi olub.  Hazırda platformanın baş direktoru və prezidentidir. 2018-ci ildə "Azadlığın Qızıl qələmi" Ümumdünya qəzet Assosiasiyasının mükafatına layiq görülüb. 2018-ci ildə "Time " jurnalının versiyasına görə “İlin adamı”, həmçinin  əsrin ən nüfuzlu qadınlarından biri elan edilib.

Dmitri Muratov 1961-ci ildə Kuybışev (indiki Samara) şəhərində anadan olub.1983-cü ildə Kuybışev Dövlət Universitetinin ( Samara Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 1987-ci ildə "Komsomolskaya pravda" qəzetinin fəhlə gənclər şöbəsinin müdiri, 1990-1992-ci illərdə  isə informasiya və siyasət şöbəsinin redaktoru olub. Bir müddət D. Muratov qəzet və televiziya işini birləşdirib. Belə ki, o, 1997-ci ildə "Mətbuat Klubu" (ATV – ORTV) proqramının, 1998-1999- cu illərdə isə "NTV" telekanalında həftəlik "Məhkəmə gedir" proqramının aparıcısı  olub. 2017- ci ildən "Novaya qazeta" nəşrinin Direktorlar Şurasının sədri, 2019-cu ilin noyabrından  baş redaktorudur.                                       

 İqtisadiyyat üzrə laureatlar

David Kard 1956-cı ildə  Kanadanın Qelf şəhərində anadan  anadan olub. Hazırda Kaliforniya Berkli Universitetində elmi tədqiqatlar aparır.

Coşua Angrist 1960-cı ildə Ohayo ştatının Kolumbus şəhərində anadan olub. Massaçusets Texnologiya İnstitutunda çalışır.

Guido  İmbens 1963-cü ildə Niderlandın Eyndhoven şəhərində anadan olub. Hazırda Stanford Universitetində fəaliyyət göstərir.

Oruc MUSTAFAYEV

Xəbər lenti