“Kəlbəcərə böyük qayıdışdan sonra daha aktiv, daha ürəklə çalışacağıq. İstəyirik ki, Kəlbəcərdə əvvəl mövcud olan bütün məktəblər yenidən o torpaqlarda fəaliyyətə başlasın. Təhsil Nazirliyinin verdiyi bütün tapşırıqları mütləq surətdə həyata keçiriləcək”.
Bu sözləri Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalov söyləyib.
O, işğaldan öncə və sonra fəaliyyət göstərən Kəlbəcər məktəblərinin statistikasını da açıqladı:
“Kəlbəcər təhsilini əvvəlki şöhrətinə qaytarmaq istəyirik. Azərbaycanın Kəlbəcər bölgəsindən xeyli alimləri, şairləri, ictimai xadimləri yetişib.
Hazırda 19 şəhər və rayonunda 109 məktəbimiz fəaliyyət göstərir. Bu məktəblər Bakı, Sumqayıt, Şəki, Bərdə, Yevlax, Tərtər, Göygöl, Gəncə və sair şəhərlərdə yerləşir. İşğaldan öncə Kəlbəcər rayonu ərazisində 95 məktəb olub”.
“Dədə-babalarımızın qəbirlərini ziyarət edib, dağıdılan evlərimizi əllərimizlə yenidən tikmək istəyirik”
“Kəlbəcərin Azərbaycana qaytarılmasına sayılı günlər qalıb. Bu xəbəri eşitdikdən sonra hər gün bayram kimi keçir. Prezidentimizə güvənirdik və torpaqlarımızın işğaldan azad olunacağına inanırdıq. Dədə-babalarımızın qəbirlərini ziyarət edib, dağıdılan evlərimizi əllərimizlə yenidən tikmək istəyirik. Kəlbəcərin öz gözəlliyini özünə qaytarmaq lazımdır”.