Logo

Tələbələrin basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib

12.10.2021 18:08 307 baxış
IMG

Naxçıvan Dövlət Universiteti İdman Klubunda keçirilən tədbirdə çıxış edən  universitetin rektoru, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Elbrus İsayev çıxış edərək muxtar respublikada idmana göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirilib ki, ölkəmizdə bütün idman sahələrinin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir.

Universitetin idman sahəsindəki uğurlarından bəhs edən rektor qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Rektor universitetdə  basketbol idman növünə marağın artdığını dilə gətirib və yarış iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramin Hacı ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıb. Qeyd edilib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb.

Vurğulanıb ki, ölkəmizdə, həmçinin muxtar respublikamızda idmanın müxtəlif növləri üzrə Avropa, dünya çempionatları, beynəlxalq turnirlər keçirilir. Nazir universitetdə keçirilən mütəmadi idman oyunlarını yüksək qiymətləndirib. 

Sonra “Xarici tələbələrlə iş üzrə dekanlığ”ın tələbələri və “Naxçıvan” universitetinin tələbələrindən ibarət basketbol komandasının oyununa start verilib. Qızğın mübarizənin sonunda “Xarici tələbələrlə iş üzrə dekanlığ”ın tələbələri qalib gəlib. Həmin gün Tibb və Texniki kollec arasında oyun keçirilib, Tibb kolleci yarışı qazanaraq II tura vəsiqə qazanıb.  

İki gün davam edən oyunda 6 komanda iştirak edib. Finalda Naxçıvan Dövlət universitetinin Xarici tələbələrdən ibarət komandası ilə NDU-nun digər komandası görüşüb. Gərgin mübarizənin nəticəsində əcnəbi tələbələrdən ibarət komanda yarışı  33/23 hesabla  başa vurub. Beləliklə, yarışın nəticələrinə görə NDU-nun xarici tələbələrdən ibarət komandası qalib olub, “NDU”- nun digər yığma  komandası isə II yerə çıxıb. 

Üçüncü yer uğrunda aparılan yarışda  Naxçıvan Müəllimlər İnstitunun komandası ilə Tibb Kollecinin komandası mübarizə aparıb. Tibb kolecinin komandası qalib gələrək III yeri qazanıb. 

Yarışların sonunda idmançıların mükafatlandırılma mərasimi baş tutub. Universitetin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramin Hacı muxtar respublikada basketbolun inkişafı üçün keçirilən yarışların əhəmiyyətindən danışaraq yarış iştirakçılarını təbrik ediblər. Rektor Basketbol Federasiyasının və Gənclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışların  mütəmadi olacağını diqqətə çatdırıb. 

Daha sonra mükafatlandırma mərasimi olub. Yarışın qalibi və mükafatçılara  diplom və kubok təqdim edilib. 

Qeyd edək ki, ötən il universitetdə basketbol üzrə ictimai hakimlik üçün təşkil edilən seminarda fəallıq göstərən tələbələr də yarışlarda uğurla hakimlik etdiklərinə görə diplomla təltif ediliblər. 

Xəbər lenti