Logo

BDU-nun Nanoaraşdırmalar Mərkəzində elmi seminar keçirilib

25.11.2020 11:55 505 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzində "GaSe-InSe sisteminin üçlü fazalarının kristal quruluşları" mövzusunda onlayn elmi seminar keçirilib.

 

İştirakçıları salamlayan moderator, Nanoaraşdırmalar Mərkəzinin direktoru Mustafa Muradov Mərkəzin elmi fəaliyyəti haqqında məlumat verərərək informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edərək onlayn platformada yeni bilik, yeni təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən bəhs edib.

 

Daha sonra BDU-nun Nanoaraşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, Dövlət Mükafatı laureatı, AMEA-nın Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri, professor İmaməddin Əmiraslanov "GaSe-InSe sisteminin üçlü fazalarının kristal quruluşları" mövzusunda təqdimatla çıxış edib. Məruzə GaSe-InSe sisteminin üçlü fazalarının sintezini və quruluş analizini əhatə edib. Mikro- və nanoelektronikanın əsas elementlərindən olan, GaSe, InSe birləşmələri geniş tədqiq edilməsinə, GaInSe2 birləşməsinə də bir sıra məqalələr həsr olunmasına baxmayaraq, GaSe-InSe sistemi birləşmələrinin quruluşu barədə məlumatların məhdud və ziddiyyətli yönlərinə diqqət çəkilib. Qeyd olunan sistemin heksaqonal və tetraqonal fazalarının kristal quruluşları haqqında yeni məlumatlar təqdim olunub. Eyni zamanda GaInSe2 kristallarının rentgen şua difraksiya, termoqrafik, Raman spektrlərinin tədqiqi, yeni quruluş modellərinin dizaynı, sıxlıq-funksional nəzəriyyə vasitəsilə zona quruluşu, qəfəs sabitləri və dinamikası, həmçinin elektron optik xassələri, elektrik sabitləri kimi məqamlara aydınlıq gətirilib.

 

BDU-nun Fizika Problemləri İnstitutunun direktoru Sədiyar Rəhimov, Yarimkeciriçilər fizikası kafedrasının professoru Əli Hüseynov çıxış edərək keçirilən elmi seminarların elmi-tədqiqat işlərinin onlayn formada davam etməsinə mühüm töhfələr verdiyini bildiriblər. Sonda dinləyiciləri maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.

 

Microsoft Teams platforması üzərindən təşkil olunmuş elmi seminar iştirakçıların böyük marağına səbəb olub.

 

Xəbər lenti