Logo

Müəllimlər təkcə sinifdə deyil, döyüşdə də dərs keçməyi bacarır - Fotolar

13.10.2021 10:59
IMG

Oxuculara Vətən müharibəsi iştirakçısı olan müəllim Yusif Hümbətovun bioqrafiyasını təqdim edirik.

Vətən Müharibəsində qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərlə çiyin-çiyinə döyüşən Yusif Rüstəm oğlu Hümbətov 1973-cü il noyabrın 10-da anadan olub.
1991-ci ildə Zaqatala rayon Faldar kənd tam orta məktəbini bitirib. 1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, “N” saylı hərbi hissədə xidmət edib.

20 Yanvar hadisələri və Xocalı faciəsindən sonra Yusif Hümbətov zabit olmaq qərarına gəlib. 1994-1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Xüsusi təyinatlı, kəşfiyyat, motoatıcı bölmələrdə xidmət edib.

1998-ci ildə leytenant, 2001-ci ildə baş leytenant, 2005-ci ildə kapitan, 2013-cü ildə isə mayor rütbəsi alıb. 2001-ci ildə kəşfiyyat tapşırığını yerinə yetirərkən yaralanıb.

Hərbi xidmətdə olduğu dövrdə bir sıra təltiflərə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, “Qüsursuz xidmətə görə” I dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunub.

2019-cu ildən Bakı şəhəri 305 nömrəli tam orta məktəbdə Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsində çalışır.

İki övlad atası olan Y.Hümbətov Vətən Müharibəsi başlayan kimi könüllü olaraq səfərbərliyə yazılıb. Suqovuşan, Hadrut və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Füzulinin azad olunması əməliyyatları zamanı yaralanıb.

Vətən Müharibəsindəki şücaətinə görə o, “Cəsur döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və “Döyüşdə fərqlənməyə görə” medalına layiq görülüb.

Müəllimlər yalnız sinifdə deyil, döyüş meydanında da dərs keçməyi bacarırlar deyən Y.Hümbətov bundan sonrakı müəllimlik fəaliyyətini daha qürur və fərəh hissi ilə davam etdirəcəyini bildirir.

 

Xəbər lenti