Logo

Bakı Ali Neft Məktəbinin yenilənmiş veb-saytı təqdim edilib

13.10.2021 20:32 318 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) yenilənmiş, təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğun http://www.bhos.edu.az rəsmi veb-səhifəsinin təqdimatı keçirilib.
 
Ali Məktəbin administrativ və professor-müəllim heyətinin iştirak etdiyi təqdimatda rektor Elmar Qasımov bildirib ki, yenilənmiş sayt BANM-in yaradılmasının 10 illik yubileyi ilə bağlı həyata keçiriləcək Tədbirlər planının ilkidir. Rektor qeyd edib ki, müasirləşən və qloballaşan dünyada Ali Məktəbin rəsmi saytının yenilənməsi, beynəlxalq standartlara uyğun dizayn olunması zamanın tələbi idi və saytın yenilənməsi yüksək səviyyədə həyata keçirilib, müasir tələblərə tam olaraq cavab verir: “Saytın yenilənməsi prosesinə başlayanda köhnə saytı analiz etdik, bu sahədə dünya təcrübəsini araşdırdıq və qabaqcıl təcrübələrdən yararlandıq. Nəticədə daha əlçatan, istifadəçilərin və ziyarətçilərin tələblərinə, maraqlarına uyğun müasir veb-saytı hazırladıq. BANM-in fəaliyyəti və ən son xəbərləri haqqında ətraflı məlumat əldə etmək istəyənlər saytdan daha rahat şəkildə faydalana biləcəklər”.

Saytın ərsəyə gəlməsində iştirak edənlər təqdim olunan yeniliklər, əlavələr, saytın tərtibatı, məzmunu, imkanları barədə ətraflı məlumat veriblər. Saytda BANM-in fəaliyyəti ilə yanaşı, Ali Məktəbdə keçirilən tədbirlər, struktur və akademik bölmələr, tələbə həyatı, statistik məlumatlar, beynəlxalq əlaqələr, yerli və xarici qonaqlar haqqında geniş məlumatlar yerləşdirilib, köhnə bölmələr təkmilləşdirilib. 

Ali Məktəbin yenilənmiş saytında abituriyent və tələbələrdən ən çox daxil olan suallar da nəzərə alınaraq bir çox bölmələr, xüsusilə, ən çox verilən suallar və cavablar bölməsi də yaradılıb, yeni imkanlarla zənginləşdirilib.

Rəngarəng bölmələrlə zəngin olan yenilənmiş saytda məlumatlar qısa, lakonik və əlçatan, dizaynı isə daha sadə və gözoxşayandır. Bundan başqa, sayta Ali Məktəbin 10 illiyi ilə bağlı hazırlanmış loqo da yerləşdirilib. Əcnəbilərin BANM haqqında məlumat əldə etməsi üçün sayt Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyət göstərir və daim yenilənməkdə davam edəcək.

Xəbər lenti