Hər bir yaşın öz özəlliyi, öz gözəlliyi var İnsan üçün. Xüsusən yaradıcı insanların keçdiyi ömür yolu çoxlarına örnək olur.
İnsana və Vətənə sevgisi zəngin bir şəxsiyyət kimi hamının yaxşı tanıdığı Ayətxan Ziyadın fəaliyyətinə nəzər salmaq istəyəndə, öncə, onun insanlığa xas olan ən vacib xüsusiyyətləri - mübarizliyi, əməksevərliyi, vicdanlı, xeyirxah və fədakar olması diqqəti cəlb edir.
Allah insanı müxtəlif biçimdə, müxtəlif taledə, müxtəlif xislətdə yaradır. Taleyin sınağına çəkilir insan. Dözən, dözümlu insan olur Allahın məhəbbəti və mərhəməti sayəsində.
Belə bir məhəbbət və mərhəmət payından şükürlü olan İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. 1969-1975-ci illərdə ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsində təhsil almış, ilk məqalələri 1969-cu ildə “İşıq” qəzetində dərc olunmuşdur.
Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) ştatdankənar müxbiri (1970-1976) kimi çalışmışlır. İlk olaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəşriyyatında (1975-1976) işləməyə başlasa da, sonra (1976-1994-cü illərdə) əmək fəaliyyətini ona doğma olan Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (fond fonotekasının işçisi, kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri) davam etdirmişdir. “Ədalət” qəzetində bölgə müxbiri, “Azərbaycan məktəbi” jurnalında şöbə müdiri, “Respublika” qəzetində müxbir, “Naxçıvan” və “Yeni Naxçıvan” qəzetlərində müxbir, şöbə müdiri, “Həftə içi” qəzetində şöbə müdiri, “Hakimiyyət və Xalq” qəzetinin baş redaktoru, AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi və “Dirçəliş-XXI əsr” jurnalının Analitik-İnformasiya Mərkəzinin rəhbəri (15.09.2004 - 03.04.2006-cı illər), “Gənc müəllim” (ADPU) qəzetinin redaktoru (yanvar 2007 - fevral 2015) işləmişlir. 2015-ci ilin martından ADPU Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi kimi yaradıcı fəaliyyətlə məşğul olur. Gənc Jurnalistlərin Moskva şəhərində keçirilmiş II Ümumittifaq Qurultayının nümayəndəsi olmuş, Ümumittifaq Teleradio Verilişləri Komitəsində (Moskva) yaradıcılıq təcrübəsi keçmisdir;
- I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il - hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir;
- AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuşdur;
“XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır.
- Haqqında vikipediya yaradılmışdır.
1980-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsanəyə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitabçasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67);
- Jurnaist fəaiyyəti hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin yaradıcılıq müsabiqəsində “Ədalət” qəzetinin xüsusi mükafatına, 2012-ci ildə “Əsrin ziyalıları” Xeyriyyə İctimai Birliyinin “İlin alimi - İlin ziyalısı” diplomuna, 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna, 2021-ci ildə WWW/YAZARLAR/AZ`ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna layiq görülmüşdür.
ADPU ETM-də uşlədiyi 6 il ərzində 60-a qədər beynəlxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüş, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Ümumilikdə 16 kitabı nəşr edilib ki, elmi məqalələrin daxil edildiyi “Heydər Əliyev - xalqının, dövlətinin qürur ünvanı”, “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... – dövlətinin hamisi” (dərs vəsaiti), “Şamaxının Kürdəmic kəndi”, “Qazyanlı Mirhəbi ağa”, “Azərbaycan mətbuatı tarixi (Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov), “Zaur Ustacın uşaq dünyası” kitabları tədqiqat yönümlüdür..
6 elmi məqaləsi “Dədə Qorqud” ünvanında sözüm” (elmi məqalələr və resenziyalar) monoqrafiyasında işıq üzü görüb. “Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində” monoqrafiyasında isə 23 məqalə yer alıb (235 səhifə).
***
Yaradıcı insanlar cəsarətli insanlardır.
Yaradıcı insanlar həmişə axtarışdadır.
Yaradıcı insan öz təxəyyülünü inkişaf etdirməkdə əla bacarıqlara sahibdir, stereotiplərdən kənara çıxır, fantaziyasının sərhədlərini açıqlayır və tamamilə yeni fikirlərlə çıxış edir.
Yaradıcılıq həmişə geniş bir dünyagörüşü ilə müşayiət olunur. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi” deyir, “yazdığını əgər pozmağı bacarmırsansa, səndən qələm sahibi çıxmaz söyləyir”. Ömrünün kamillik yaşında olan Ayətxan Ziyad bu gün də gənclik şövqü ilə yazıb yaradır.
Gözəl ailə başçısı Ayətxan müəllimi təbrik edir, sağlam ömür, yaradıcılıq uğurları arzulayırıq.
Ay Ziyad, 70 yaşın Mübarək!
Yaradandan olan payın mübarək!
Əməlində, istəyində xeyirxah...
Tanıyanlar səni belə tanıyır.
Xidmətin Allaha xatir!
Allah sevdiyini özü qoruyur,
Nəzərində saxlayır!
Zülfiyyə Vəliyeva,
ADPU ETM-in elmi əməkdaşı,
Respublikanın Əməkdar müəllimi,
Respublika Jurnalistlər Birliyinin üzvü