“İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibləri sırasında Azərbaycan Texniki Universitetinin (AzTU) layihəsi də var. Belə ki, AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının əməkdaşlarının müsabiqəyə təqdim etdikləri “Elektromobillərin məsafədən qidalandırılması" layihəsi 15 qalib layihədən biri olub. Sözügedən layihə ən uğurlu 3 ideyadan biri olaraq diploma da layiq görülüb. Diplom layihə üzrə koordinator, Radiotexnika və telekommunikasiya kafedrasının baş müəllimi Məhiş Məhərrəmzadəyə təqdim olunub.
Qeyd edək ki, “Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” mövzuları üzrə təşkil edilən müsabiqə layihələrinin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılıb.
Mükafatlandırılma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.