Logo

Tələbə gənclərin “ÇƏTİR” proqramının açılış mərasimi keçirildi - FOTO

14.10.2021 17:09 723 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə oktyabrın 14-də ölkə üzrə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tələbə klublarının şəbəkələşməsi və vahid çətir altında birləşdirilməsini hədəfləyən “ÇƏTİR” proqramının açılış mərasimi keçirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) baş tutmuş tədbir Dövlət Himninin səslənməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Tədbir Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov, ADBTİA-nın Hüquq təminatı və kadrlar şöbəsinin müdiri Fatma Məmmədova və ATGTİ-nin sədri Pərviz Mirələmlinin çıxışları ilə davam edib. Onlar öz çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış zəfər fonunda mühüm bir tarixi dövrdə yaşadığımızı, hər bir gəncin və xüsusilə də tələbələrin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha fəal olmalarının vacibliyini vurğulayıb, bu xüsusda hazırkı proqramın əhəmiyyəti və yaxın aylar ərzində tələbələrə verəcəyi töhfələr haqqında fikirlərini bölüşüblər. Natiqlər tələbə klubların tələbələrin ortaq maraqları əsasında bir yerə toplanmasında müstəsna rol oynadığını vurğulayıblar. Təqdimatlar zamanı, həmçinin, ATGTİ tərəfindən tədbir iştirakçılarına İttifaqın fəaliyyətini özündə əks etdirən bir sıra qrafik təsvirli video çarxlar nümayiş etdirilib.

ATGTİ-nin üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə proqramın dövlət gənclər siyasətinə verəcəyi töhfə barədə danışıb.

Respublika ərazisində yerləşən ali və orta ixtisas təhsili müəssisələrindəki Tələbə Gənclər Təşkilatlarının tərkibində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən tələbə klublarının ixtisaslaşmış “ÇƏTİR” mərkəzlər ətrafında birləşdirilərək, klublararası koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə həyata keçiriləcək layihəni tədbir iştirakçılarına proqram rəhbəri Ülvi Quluzadə təqdim edib. O, çıxışı zamanı proqramın missiya və hədəflərindən danışıb, fəaliyyət planı və intensivliyi, həmçinin, “ÇƏTİR” şəbəkələri haqqında ətraflı məlumat verib.

Tədbirdə iştirak edən ATGTİ-nin sədr müavini, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının TGT sədri Höccətova Aydan “ÇƏTİR” haqqında fikirlərini bölüşüb:

“Proqramın, doğrudan da, tələbə klublarının koordinasiyalı və daha irimiqyaslı fəaliyyətinə dəstək olacağına inanıram. Düşünürəm ki, şəbəkələşmə təhsil müəssisələrində klubların həm sayına, həm də fəaliyyətlərinin keyfiyyətinə əvəzolunmaz töhfə verəcək”.

Proqram yaxın illər ərzində bütün Azərbaycan üzrə icra olunacaq.

Xəbər lenti