Universitetin Tarix- filologiya fakültəsində Azərbaycan xalq şairi Məmməd Arazın anadan olmasının 88 illiyinə həsr olunmuş “Sözün Məmməd Araz zirvəsi” adlı elmi- nəzəri seminar təşkil edilib. Tədbiri giriş sözü ilə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov Azərbaycan ədəbiyyatında Məmməd Araz yaradıcılığının önəmindən bəhs edərək vurğulayıb ki, Məmməd Araz azərbaycançılıq mövzusunun əvəzedilməz şairidir. Prorektor hər bir gəncin Məmməd Arazın əsərlərindən yararlanmalarını və şairin yüksək yaradıcılıq yolundan səmərəli şəkildə bəhrələnməli olduqlarını qeyd edib.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli tələbələrin diqqətinə çatdırıb ki, Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Vurğulanıb ki, müstəqillik dövrünün ilk xalq şairi məhz elə Məmməd Araz olub. Azərbaycan poeziyasını Məmməd Arazsız təsəvvür etmək olmaz deyən Xanəli Kərimli şairin şeirlərindən nümunələr çəkib, tələbələrə Məmməd Araz yaradıcılığında və həyatından maraqlı faktları diqqətə çəkib.
“Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Nemət vurğulayıb ki, Məmməd Araz yaradıcılığında Vətən mövzusu özünəməxsus yer tutur. O, xalqın taleyüklü məsələlərini, vətən sevgisini öz şeirlərində əks etdirib.
Qeyd olunub ki, sanki onun poeziyasının mayası vətənin daşından, qayasından yoğrulub.
Sonra fakültənin birinci kurs tələbələri şairin şeirlərindən bədii qiraət ediblər.
Sonda şairə Sədaqət Nemətin bədii qiraətində Məmməd Arazın “Qızlar” şeiri maraqla qarşılanıb.