Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atır. Bu istiqamətdə növbəti əməkdaşlıq müqaviləsi Yaponiyanın Gunma Universiteti ilə imzalanıb.
Müqavilə universitetlər arasında əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində birgə əməkdaşlığın qurulmasını nəzərdə tutur.
Əməkdaşlıq müqaviləsini BDU-nun rektoru Elçin Babayev və Gunma Universitetinin prezidenti Hiroshi Hiratsuka imzalayıb.
Məlumat üçün bildiririk ki, Gunma Universitetinin əsası 1949-cu ildə qoyulub, QS Dünya Universitetləri Reytinq Cədvəlində 2022-ci il üçün 701-ci yerdə qərarlaşıb. Gunma Universitetinin hazırda Aramaki, Şova və Kiryu kampusunda 6500-dən çox tələbə təhsil alır. Sözügedən universtetin tibb, təhsil, sosial və informasiya elmləri, texniki elmlər, elm və texnologiya fakültələrində müxtəlif ixtisaslar üzrə təhsil almaq mümkündür.