Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) STEAM Mərkəzinin açılışı olub. Açılış tədbirində ali təhsil müəssisəsinin və Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbərliyi, müəllimlər, tələbələr iştirak ediblər.
Rəmzi açılış lentinin kəsilməsindən sonra ADPU-nun STEAM Mərkəzi və burada fizika müəllimliyi ixtisasının tələbələrinin işləri ilə tanışlıq keçirilib.
Çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov bu mərkəzin açılışını ali təhsil ocağında təhsilin məzmun və keyfiyyətcə yaxşılaşdırılması yolunda əlamətdar hadisə kimi qiymətləndirib. Pedaqoji Universitet olaraq müəllim hazırlığı sahəsində beynəlxalq trendlər daim izlənilir və innovativ yanaşmaların, tədrisin keyfiyyət təminatının daha da gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır.
Universitetin cari ilin 29 aprelində keçirilən Elmi Şurasında STEAM mərkəzinin yaradılması ilə bağlı qərar qəbul olunmuş, Elmi Şuranın 7 iktyabr tarixli iclasında isə bu mərkəzin əsasnaməsi qəbul olunmuşdur. ADPU-da 13 nəfərdən ibarət STEAM şurası təsis edilmişdir.
Bununla yanaşı Təhsi İnstitutunun dəstəyi ilə ADPU-da STEAM laboratoriyası qurulmuş və geniş həcmli STEAM avadanlıqları ilə təchiz edilmişdir. Artıq tədris proqramında STEAM fənni mövcuddur. Bu fənni tədris edən bir qrup müəllim Təhsil İnstitutunun STEAM-a dair təlimlərində iştirak etmiş və sertifikatlarla təltif olunmuşlar.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxış edərək öyrənmədə müasir yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb. O bildirib ki, institutun da dəstəyi ilə məhz ADPU-da belə bir mərkəzin yaradılması xüsusən texniki və təbiət fənləri üzrə yeni nəsil müəllim hazırlığı işinin keyfiyyət və praktikliyinə yönəlmiş məqsədyönlü tədbirdir.
ADPU-nun Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov bildirib ki, 2020-ci ildə fakültənin eksperimental qrupunun III və IV tədris ili tələbələrinin ümumilikdə 50 nəfəri STEAM üzrə “Engennering for Kids” şirkətində təlimlərdə iştirak etmiş və Beynəlxalq sertifikatlarla təltif edilmişlər.
5-13 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində fakültənin tələbələri üçün növbəti STEAM təlimləri keçirilmişdir.
Təlimlər zamanı iştirakçılara STEAM metodologiyaları, 3D modelləşdirmə və çap, birplatalı platformalarda kodlaşdırma (Micro:bit) modulları öyrədilib. Fizika fakültəsinin magistr mövzularında və kurs işlərində STEAM-ə dair mövzular geniş yer tutur.