Logo

Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır

14.10.2021 19:42 446 baxış
IMG

Hazırda ölkəmizdə koronavirus pandemiyası davam etməkdədir. Pandemiya səbəbindən normal həyat tərzindən uzaqlaşmışıq ki, bu da hər kəs üçün olduqca çətin vəziyyətdir. 

  Bu gün koronavirus pandemiyası ilə mübarizə dövlətimizin diqqətində olan əsas və vacib məsələlərdən biridir. Dövlətimiz bu yolda vacib tədbirlər görmüşdür. Bu tədbirlərdən ən önəmlisi ölkə başçısı tərəfindən koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanaların açılmasıdır. Eyni zamanda bir sıra qadağalar və məhdudiyyətlər də tətbiq edilmişdir ki, bunun da əsas məqsədi vətəndaşları koronavirusdan mümkün qədər qorumaq, virusun yayılmasının qarşısını almaqdır. Vətəndaşlar bilməlidirlər ki, qoyulan məhdudiyyətlər onların sağlamlığını qorumaq üçün nəzərdə tutulmuşdur. Lakin bu mübarizədə yalnız dövlətin addımları ilə kifayətlənməməliyik. Əlbəttə ki, vətəndaşların da üzərinə ciddi məsuliyyət düşür. Dövlətin həyata keçirdiyi tədbirlər o zaman uğurla nəticələnir ki, vətəndaşlar da bu yolda dövlətə dəstək olsun və məhdudiyyətləri anlayışla qarşılasınlar.

  Dövlət bizim sağlamlığımız üçün çalışırsa, bəs biz niyə sağlamlığımıza biganə yanaşaq? Həyatda ən vacib olan insan sağlamlığı deyilmi? Bunun üçün maska taxmaq, sosial məsafə saxlamaq və s. kimi qanunlar qoyulubsa, buna əməl etmək hər bir vətəndaşın məsuliyyəti və borcu olmalıdır. Əgər virusa yoluxmağımıza az da olsa şübhəmiz varsa, evdən çıxmamalı, özümüzü təcrid etməliyik. Beləliklə, həm özümüzün, həm də yaxınlarımızın sağlamlığını qorumuş olarıq. Çünki cüzi məsuliyyətsizliyimiz başqalarının həyatını təhlükə altına atmağımıza səbəb olur.
Vətəndaşlar məhdudiyyətləri məcburiyyət kimi deyil, zəruriyyət kimi qəbul etməlidirlər. Məsuliyyətlə atılan hər addımın sonunda uğurlu nəticə əldə etmək mümkündür.

  İnanıram ki, dövlətimizin qətiyyətli addımları və vətəndaşlarımızın məsuliyyəti nəticəsində Azərbaycan xalqı bu mübarizədən də qalib olaraq çıxacaq.

Gəncə şəhər 9 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Bağırova

Xəbər lenti