Logo

“Özəl məktəblərdə təhsil haqqı baha deyil, biz kasıbıq”

15.10.2021 08:59 1015 baxış
IMG

Ümumorta təhsil üçün şagirdlər dövlət təhsil müəssisələrində və özəl məktəblərdə tədris prosesinə cəlb olunurlar. Bəzi valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar. Bu məktəblərdə qiymətlər təhsil pilləsindən asılı olaraq (ibtidai, ümumi orta və tam orta təhsil) fərqlənir. Azərbaycan bölməsinə nisbətən xarici bölmələrdə illik təhsil haqları yüksəkdir.

Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdəki illik təhsil haqları ilə bağlı banco.az saytı siyahı hazırlayıb. Siyahıda bir illik təhsil haqqı təhsilin ibtidai pilləsində 4.000-16.000 manat, təhsilin ümumi orta pilləsində 5.000- 61.200 manat, təhsilin tam orta pilləsində isə 7.000-16.000 manatdır.

"Tehsil.biz"in xəbərinə görə, özəl məktəblərin illik təhsil haqqı ilə əlaqədar təhsil eksperti Qoşqar Məhərrəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, adını beynəlxalq məktəb qoyub yüksək təhsil haqqı tələb edən əksər özəl məktəblərin lisenziyası yoxdur. 

“Beynəlxalq qiymətləndirmə ilə tədris prosesini təşkil edən özəl məktəblərin həmin tədris sistemindən istifadə etdikləri müvafiq təşkilatlara illik ödənişlər edirlər. Məsələn, ölkəmizdə bəzi özəl təhsil müəssisələrində tədris Kembric (Cambridge) kurikulumu əsasında aparılır. Həmçinin İB, yəni Beynəlxalq Bakalavriat Proqramı  əsasında da tədris təşkil edilir. Amerikan kurikulumdan da istifadə edən özəl  məktəblər var.

Bu kurikulumlara biz baxdıqda görürük ki, onların hamsının özünəməxsus ödənişi var. Həmin təhsil müəssisələrinin akkreditasiyası, nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi) kimi ödənişləri var. Beynəlxalq akkreditasiya qurumları həmin özəl məktəbləri yoxlayırlar. Beynəlxalq məktəb adı altında fəaliyyət göstərən müəssisənin beynəlxalq mühiti yaratmaq üçün xarici işçini ölkəyə gətirmə kimi məcburiyyəti də var.

Onu da deyim ki, özünü beynəlxalq məktəb adlandıran müəssisələrin əslində beynəlxalq məktəb sertifikatı və lisenziyası yoxdu. O sadəcə beynəlxalq kurikulumdan istifadə edir deyə özünü insanlara beynəlxalq məktəb kimi təqdim edir.

Ümumiyyətlə, Azərbaycanda beynəlxalq məktəblər bahalı deyil, normaldır, biz kasıbıq”, - deyə təhsil eksperti bildirib.

Xəbər lenti