Logo

Prezident təqaüdçüləri

15.10.2021 12:18 382 baxış
IMG

102 tələbə bu təqaüddən yararlanacaq

Ölkə Prezidenti İlham Əliyev “2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, bu tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və yerli ali təhsil müəssisələrinə  daxil olan 102 tələbə Prezident təqaüdü alacaq. Prezident təqaüdünə layiq görülən 102 tələbədən, sadəcə 5 nəfərin uğur hekayəsi ilə tanış oluruq. Elə bu 5 hekayə belə dövlətin təhsilə, təhsil almaq istəyənlərə qayğısının nə qədər önəmli olduğunu aydın göstərir. Bu, gənclər üçün daha çox oxumaq, daha yaxşı kadr olmaq üçün stimuldur.

“Yoluma xaricdə davam etmək istəyirəm”

Prezident təqaüdçüsü Gülcan Məmmədova  II ixtisas qrupu üzrə 675 bal toplayaraq  Bakı Ali Neft Məktəbinə daxil olub. Bakıdakı 163 nömrəli tam orta məktəbin məzunu artıq ingilis dilində “Biznesin idarə edilməsi” ixtisası üzrə təhsil alır: “Aşağı siniflərdən daim öyrənməyə, araşdırmağa meyilli olmuşam. Dərslərim hər zaman hər şeydən öndəydi. Oxumağa o qədər maraqlıydım ki, tətillərdə, istirahət günlərində də başımı kitabdan qaldırmırdım. Məktəbə çox bağlı bir şagird olmuşam. Yadımdadır, dərs bitəndən sonra hamı tənəffüsə çıxanda mən müəllimimlə hansısa mövzunu müzakirə edir, cavabı özüm üçün aydınlaşdırmadan onu buraxmırdım. Ən çox riyaziyyatı sevirdim. Saatlarla oturub məsələlər, misallar üzərində çalışırdım”.

Gülcan Məmmədova həm əlaçı olub, həm də məktəbin ən fəal şagirdlərindən biri: “Məktəbi “əla” qiymətlərlə oxumuşam. Müəllimlərimin mənimlə bağlı gözləntiləri həmişə böyük olub, müxtəlif layihələrə, olimpiada və müsabiqələrə cəlb ediblər. Etimadlarını doğrultmaq üçün əlimdən gələni eləmişəm. Dəfələrlə informatika və riyaziyyatdan məktəbdaxili və şəhərlərarası yarışlara qatılmışam. İştirak etdiyim müsabiqələr də mənim inkişafımda mühüm rol oynayıb. VI-IX siniflərdə ildə 2-3 dəfə Beynəlxalq Aptis İmtahanlarına qatılır, özümü sınayırdım. Bunun sayəsində ingilis dilinə  münasibətim dəyisdi, dil biliyimi necə inkisaf etdirəcəyimi öyrəndim”.

Gülcan hər şeyə maraqlı şagird olub: “Maraq dairəmdə, sadəcə dərslərim olmayıb, eyni zamanda musiqiylə, rəsmlə, kitablarla, filmlərlə, müxtəlif mədəniyyətlərlə maraqlanırdım. II sinifdə oxuyanda Cövdət Hacıyev adına musiqi məktəbində piano üzrə I sinfə qəbul olundum. 7 il burada piano təhsili aldım”.

Uğurlarında ən çox öz payı var Gülcanın. Oxumağa olan tükənməz həvəsi, məsuliyyəti ilə istedadını inkişaf etdirib. Ancaq bu həvəsi onda yaradan, oxumaq vərdişini formalaşdıranların da zəhmətini unutmur: “Oxumağa, öyrənməyə həvəsi mənə müəllimlərim aşılayıb. Universitetə hazırlaşanda da onlardan böyük dəstək almışam. Həmişə məni həvəsləndiriblər. İlk müəllimlərim isə atam və anam olub. Məhz onların sayəsində hələ məktəbə getmədən yazıb oxumağı bacarırdım”.

Gülcan deyir ki, qəbul olunduğu ixtisasa son illərdə qərar verib və nəticədə ixtisas qrupunu dəyişib: “Əvvəllər texniki fənləri daha çox sevirdim. Amma IX-X sinifdə oxuduğum bəzi kitablar, məqalələr maliyyə, biznes, iqtisadiyyat kimi sahələrə marağımı artırdı. Bu da o demək idi ki, II ixtisas qrupunu seçəcəkdim. Universitetə hazırlıq çox böyük məsuliyyət tələb edir və son anda verdiyim bu qərardan peşman olmamaq üçün yaxşı hazırlaşmalıydım. X-XI siniflərdə mənə doğru yolu göstərəcək, düzgün istiqamətləndirəcək dəstəyi aldım. Coğrafiyanı heç sevmirdim, bu bir yana, üstəlik, onlayn hazırlaşmalıydım. Bu da o demək idi ki, yaxşı nəticə əldə etmək üçün çox çalışmalıydım. Müəllimimin verdiyi istiqamətdə məsuliyyətlə hazırlaşdım. Bir neçə aydan sonra cografiyaya nəinki marağım artdı,  hətta respublika fənn olimpiadalarına qatılaraq final mərhələsinədək yüksəldim. İyun ayında Avropa Coğrafiya  Olimpiadasında ölkəmizi təmsil edən əsas komandada çıxış etmək şansı belə qazandım. Qəbul imtahanlarında isə bu fənn üzrə 100 faiz nəticə göstərdim”.

Gülcan artıq tələbədi və gələcək planları həddən çoxdur: “Bakalavr səviyyəsində təhsilimi başa vurduqdan sonra yoluma xaricdə davam etmək istəyirəm. Təcrübəli biznes analitiki olmaq üçün hələ öz üzərimdə çox işləməliyəm. Bakı Ali Neft Məktəbinin məqsədimə çatmaqda mənə kömək edəcəyinə inanıram”.

“İndidən oxumağımın bəhrəsini alıram”

Yayda yaxşı şahmat oynayır. Sizə qəribə gəlməsin. Məhz yayda oynayır və qalib gəlir. Digər fəsillər onun əsas işi də, məşğuliyyəti də dərsləri olur.

Daha doğrusu, bu, o şagirdkən beləydi. Bundan sonra həyatında bir çox şey dəyişəcək. Axı o, artıq tələbədi.

Nərgiz Cəfərova 666 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi statusunu qazanıb. Burada dövlət sifarişi əsasında hüquqşünaslıq ixtisası üzrə təhsil alır: “Oxumağı çox sevmişəm. Potensialım vardı, axtarır, yeni mənbələr tapırdım. Ən çox Azərbaycan dili və ingilis dilini sevirdim. Hər ikisindən imtahanlarda 100 faizli nəticə ortaya qoyurdum”.

Nərgiz uğura gedən yolda valideyinlərinin, xüsusən anasının əməyini qeyd edib: “Ailəmizin maddi imkanı yaxşı olmayıb. Anam çörəkçidi. Mənim ehtiyaclarımı ödəməyə çalışıblar. Ailədə çətinliyi hiss etmişəm. Ona görə daha çox oxumuşam. Mənimçün oxumaq vəziyyətdən çıxış yolu olub. Təhsil mənim üçün daha yaxşı həyata açar sayılıb. Artıq indidən oxumağımın bəhrəsini alıram. Həm dövlət sifarişli yerdə təhsil alacağam, həm də təqaüd. İnsanın zəhmətinin bəhrəsi çox şirin olur. Sumqayıt Şəhər İcra Hakimiyyətinə dəvət edərək imtahanlarda qazandığım uğuruma görə  mənə noutbuk verdilər. Həmin noutbukla işləməyi çox sevirəm. Çünki öz zəhmətimlə əldə etmişəm”.

Nərgiz yüksək hüquq təhsili almağı düşünür. Düşüncələrinin arasında təhsilini xaricdə davam etdirmək də var. Ancaq hara getsə, yaşadığı, işlədiyi yer Azərbaycan olacaq: “Təhsilimi İtaliyada davam etdirmək istəyirəm. Xaricdə təhsil, sadəcə hüquq sahəsində ən yaxşılardan biri olmaq üçün lazımdır mənə. Həyatımı ailəmin yanında qurmaq istəyirəm”.

Nərgiz abituriyentlərə də tövsiyə edir: “Abituriyentlik qısa və çətin yoldu. Bu yolda bəlkə yorulduğunuz vaxtlar da olacaq. Ancaq ümidinizi itirməyin. Özünüzə güvənin və təhsilin həyatda ən vacib olduğunu unutmayın!”

“Çox yaxşı təhsil almaq istəyirəm”

Prezident təqaüdünə layiq görülən tələbələrdən biri 70 nömrəli məktəb-liseyin məzunu Məhəmməd Qurbanzadədir. O, 2021-2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 679 bal toplayaraq Bakı Ali Neft Məktəbində dövlət sifarişi əsasında təhsil almaq şansı qazanıb. İngilis dilində  təhsil alan M.Qurbanzadə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına yiyələnəcək.

Məhəmməd ata-anasının yeganə övladıdır. Güclü yaddaşı ilə hələ uşaqlıqdan fərqlənib: “Göz yaddaşım çox güclü idi. Hələ məktəbə getmir, oxumağı-yazmağı bacarmırdım, amma gördüyüm rəqəmlərin, hərflərin şəklini kibrit çöpləri ilə çəkirdim. Məktəbə gedəndə isə artıq oxuduqlarım və eşitdiklərim də yaddaşıma həkk olunurdu. Çox asan qavrayır, yaxşı mənimsəyirdim. Riyaziyyat, fizika, biologiya fənlərinə qarşı hələ uşaqlıqdan çox böyük marağım vardı. Bu fənləri maraqla oxuyurdum”.

Məhəmməd piano çalıb, düşüncələrini rəsmə köçürməyi də çox sevir. Könlünə düşəndə ya musiqi dünyasında, ya da rənglərin arasında gəzinir. Amma həmişə dönüb-dolaşıb qayıtdığı yer rəqəmlərin arası, kimyəvi proseslərin içi olur. Dünyasında özünü rahat, sərbəst hiss edir. Çünki hər zaman olmaq istədiyi yerdə olur.

Rəngli dünyasının solmaması üçün ailəsi, xüsusən anası hər çətinliyə sinə gərib. Heç vaxt çətinliyi Məhəmmədə hiss etdirməyib, əksinə onun da çətinliyinin öhdəsindən gəlməsində dəstək olmağa çalışıblar. Məhəmməd isə sadəcə oxuyub: “Heç nəyə baxmayaraq, oxudum”.

Oxumaq onun düşüncələrini məşğul edən hər fikirdən önə çıxıb, hətta oxuya-oxuya işləmək istəyindən belə: “Oxuya-oxuya işləməyi də düşündüm. Amma sonra qərarımı dəyişdim. Çünki anladım ki, oxuya-oxuya işləsəm, keyfiyyətli təhsil ala bilmərəm. Çox yaxşı təhsil almaq istəyirəm”.

“Uğurlarımı universitetdə də davam etdirmək istəyirəm”

Prezident təqaüdünə layiq görülənlərin siyahısında Naxçıvan məktəblərinin 2 məzunu da var.

Bənəniyar kənd tam orta məktəbinin riyaziyyat müəllimi Malik müəllimin oğlu Oğuz Həsənlinin də uğurunun arxasında bir zəhmətkeş atanın əlinin qabarı, bir fədakar ananın ürəyinin odu var.

Onlar Culfa rayonundandırlar. Oğuz Bənəniyar kənd tam orta məktəbinin məzunudur. Artıq  Bakı Ali Neft Məktəbində ingilis dilində təhsil alır. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə oxuyur. Çünki hələ uşaqlıqdan kompüter onun üçün maraqlı olub: “Kompüterlə işləmək, şahmat və voleybol oynamağı çox sevirəm. Ancaq ən böyük məşğuliyyətim riyaziyyat və kimyadır. Riyaziyyat və kimyanı uşaqlıqdan sevirəm. Bunda atamın riyaziyyat müəllimi olmağının da rolu çoxdu. Nəticədə riyaziyyatı daha yaxşı öyrəndim”.

Oğuzun sözlərinə görə, açıq sualları cavablandırarkən nə riyaziyyat müəlliminin oğlu olmağı, nə də riyaziyyata olan sevgisi dadına çatıb: “İmtahanda açıq suallara cavab yazmaq çətin oldu. Belə sualları cavablandırmaq həm çox vaxt tələb edir, həm də xəttim səliqəli deyil”.

Buna baxmayaraq, o, lazım olan nəticəni əldə edib: “Uğurlarımı universitetdə də davam etdirmək istəyirəm. Bu, mənim üçün, həm də ona görə önəmlidir ki, təqaüdümü axıradək qoruya bilim. Başqa sözlə, əlaçı qalmağım şərtdir”.

Oğuz Həsənli təhsilin növbəti səviyyəsinə xaricdə davam etmək, iş həyatına Amerikada atılmaq istəyir. SOCAR-da parlaq kadrlardan olmaq üçün onun bu təcrübəyə ehtiyacı var.

“Təhsilimlə bağlı qərarlarımı özüm vermişəm”

Zeybə Zeynallı 679 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub. Artıq tibb ixtisası üzrə  ingilis dilində təhsil alır. Özü də oxumağı çox sevir: “Bütün fənləri həvəslə oxuyurdum. Olimpiadalara qatılır, müsabiqələrdə iştirak edirdim”.

Fəal şagird olan Zeybə üçün münasibət qurmaq çətin olmayıb. Həm yoldaşlarını, həm də müəllimlərini sevib. Ən çox isə Azərbaycan dili müəllimini: “Azərbaycan dili müəllimimi çox sevdiyim üçün şeir və inşa müsabiqələrinə qatılırdım”.

Xaraktercə çox sakit uşaq olsa da, qərarlarına hörmət etdirməyi bacarıb. Ailəsi onu sadəcə sevməyib, həm də dəstəkləyib: “İmkanlarımızdan asılı olmayaraq, mənə oxumaq üçün nə lazım olsa, alınıb. Təhsilimlə bağlı bütün qərarlarımı özüm vermişəm, ailəm də məni dəstəkləyib”.

Zeybənin məktəb, dərslik, kitablardan başqa da maraq sahəsi olub: “Rəqsə gedirdim, rəsm çəkməyi sevirdim. İnternet üzərindən baxıb əl işləri hazırlayırdım. Bu cür ərsəyə gətirdiyim çoxlu əl işlərim var”.

Şagird Zeybə dərsliklərini bağlayıb, məşğuliyyətlərinə ara verib. Çünki tələbə Zeybə Zeynallının gözlədiyi kimi, çətin günləri başlayıb. Tibb ixtisası üzrə ingiliscə təhsil almaq elə də asan olmayacaq: “Bilirdim asan olmayacağını. Tibb özü də çətindir. Üstəlik, onu ingiliscə oxumaq çətinliyimi artıracaq. Amma bu çətinliyin öhdəsindən gəlməyə çalışıram.”.

Nə qədər çətin də olsa, onların öhdəsindən gəlməlidir. Axı beynəlxalq səviyyədə həkim olmağa hazırlaşır: “Universitetdə tədris ingilis dilində aparılır. Bu mənə beynəlxalq səviyyədə həkim olmağa imkan verəcək. Tibbin Almaniyada inkişaf etdiyini nəzərə alaraq, qarşıdakı illərdə rezidentura səviyyəsində orada oxumaq istəyirəm. Ancaq, düzü, Amerika da pis olmazdı, deyə düşünürəm”.

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti