Logo

UFAZ-da Azərbaycan-Fransız əmək və karyera sərgisi keçirilib

15.10.2021 16:33 331 baxış
IMG

Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ilk dəfə olaraq Azərbaycan-Fransız əmək və karyera sərgisi keçirilib.

UFAZ, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan-Fransa Ticarət Palatası və Azərbaycan-Fransa Məzunları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə tərəfdaş şirkətlər, media nümayəndələri, qonaqlar, tələbə və məzunlar iştrak edib.

Tədbiri giriş nitqi ilə açan UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov sərginin təşkilatçılarına bu cür yüksək səviyyəli tədbirin həyata keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib və UFAZ-ın Fransa-Azərbaycan təhsil sisteminə fayda verəcək belə bir tədbirə ev sahibliyi etdiyi üçün şad olduğunu bildirib.

Tədbir iştirakçılarını salamlayan Fransanın Azərbaycandakı səfiri Zakari Qros müxtəlif şirkətlərin təmsil olunduğu belə bir əmək yarmarkasının tələbə və məzunlar üçün geniş məşğulluq imkanları yaratdığını deyib və onları bu fürsətdən yararlanmağa dəvət edib.

Azərbaycan- Fransa təhsil əlaqələrinin inkişafından söz açan Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov gənc və istedadlı kadrların formalaşmasında bu cür əmək yarmarkalarının keçirilməsinin önəmindən danışıb.

ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov ADNSU və UFAZ-ın geniş beynəlxalq əlaqələrinin olduğunu vurğulayaraq UFAZ-ın təşkilatçılığı ilə keçirilən belə tədbirləri bu əlaqələrin ən bariz nümunəsi kimi dəyərləndirib.

Tədbirin təşkilatçılığından məmnun qaldığını deyən Azərbaycan-Fransa Ticarət Palatasının sədri Teybə Quliyeva universitetlə biznes mühitinin təkmilləşdirilməsi  və gənc istedadlar üçün geniş iş imkanlarının yaradılması baxımından bugünkü sərginin xüsusü rolu olduğunu bildirib.

Tədbirdə iştirak edən TotalEnergies EP Abşeronun ölkə üzrə baş direktoru  Regis Aqüt  və digər şirkət nümayəndələri də tədbirin əhəmiyyətindən danışaraq, sərginin mühiti ilə əlaqələrin təkmilləşdirilməsinə və eləcə də Fransada ali təhsil alan bir çox azərbaycanlı məzunun peşəkar uğur yollarını kəşf etməyə imkan yaradacağını bildiriblər.

Daha sonra iştirakçılar sərgini ziyarət edib, Bakıda fəaliyyət göstərən əsas Fransız tədris qurumları, həmçinin, Paşa Bank, Alstom, Schlumberger, Campus France Azərbaycan, Societe Generale, Azərbaycan Fransız İnstitutu, Bakı Fransız liseyi və digər təhsil müəssisələri və şirkətlərin stendlərini ilə yaxından tanış olub, iş imkanları və vakansiyalarla bağlı məlumat alıblar.

Sərginin davamında təmsil olunan şirkətlərin məlumat stendlərinin təqdimatı keçirilib, mütəxəssislər təmsil etdikləri müəssisələr haqqında təqdimatla çıxış ediblər.

Qeyd edək ki, gün ərzində davam edən sərgi Fransa ali təhsil sistemində təhsil almış və həmçinin gənc azərbaycanlı frankofonlara və digərlərinə, Azərbaycanda təklif edilən karyera və əmək imkanlarını kəşf etmək arzusunda olan bütün akademik profilli (dillər, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) gənc azərbaycanlılara (yuxarı sinif şagirdləri, tələbələr, gənc peşəkarlar, və s.) ünvanlanıb.  Bundan başqa, gənclər fərqli sahələrdə əhəmiyyətli vəzifələrdə olan və hər biri Fransa ali təhsil sisteminin məzunları olaraq, yüksək səviyyəli onlarla azərbaycanlı peşəkarları, eləcə də universitet müəllimləri, təhsil sahəsinin əməkdaşlarını, dövlət qurumlarının, şirkət, mədəniyyət, idman dünyasının və vətəndaş cəmiyyətinin nümayəndələrini dinləmək və onlarla söhbət etmək fürsəti qazanıblar.   

Xəbər lenti