Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən fakültə dekanı, dosent Mayis Əzizov belə bir görüşün təşkil edilməsinin əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, birgə müzakirələrin əsas məqsədi tədris prosesi zamanı yarana biləcək problemlərin aşkar edilməsi və onların qarşısının alınması istiqamətində təkliflərin verilməsindən ibarətdir. Dekan çıxışında görüşün tələbələr üçün faydalı və səmərəli olacağına inamını ifadə edib.
Fakültənin tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov tələbələrlə əyani şəkildə baş tutan görüşdən sevincli olduğunu bildirib. Tədrisin bir hissəsinin ənənəvi, bir hissəsinin isə onlayn şəkildə davam etdiyini söyləyən dekan müavini akademik təqvim, semestrdaxili fəaliyyət, sərbəst iş və davamiyyət ilə bağlı məlumatları tələbələrin diqqətinə çatdırıb. E.İbadov qrup nümayəndələrinə tələbələrin ənənəvi tədris zamanı mövcud pandemiya, eyni zamanda universitetin daxili nizam-intizam qaydalarına riayət etməli olduqlarını vurğulayıb. Dekan müavini çıxışında müəllim-tələbə münasibətlərinə də toxunub.
Sonra fakültənin tyutoru Yeganə Hüseynova qrup nümayəndələri ilə bağlı təqdimatla çıxış edib. Qrup nümayəndələrinin xüsusiyyətlərindən söz açan tyutor onların idarəetmə və sosial qabiliyyətlərinin, sərbəst iş görə bilmə, nümunəvilik və liderlik bacarıqlarının olmasının zəruriliyindən bəhs edib. Y.Hüseynova, eyni zamanda, qrup nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrini də açıqlayıb.
Tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edən tədbirdə müxtəlif təkliflər səsləndirilib.