2020-ci ilin sentyabrın 27-dən başlayan Böyük Qarabağ Zəfərində ən şanlı səhifələrdən biri Füzuli şəhərinin və bütovlikdə Füzuli rayonunun işğaldan azad olunması ilə bağlıdır. Füzilinin azad olunması əməliyyatı Vətən Müharibəsində strateji baxımdan çox mühüm əhəmiyyət kəsb edən döyüşlərdən biri olmuşdur və müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında 2020-ci il oktyabr ayının 17-də Füzuli şəhərini işğaldan azad etmişdir. Bununla da Qarabağımızın strateji əhəmiyyət daşıyan rayonlarından olan və qədim yaşayış məskəni kimi özünəməxsus xüsusiyyətləri ilə fəqlənən Füzuli rayonununda böyük quruculuk və dirçəliş işlərinə əsaslı zəmin yaradılmışdır. İşğal dövründə Füzuli şəhərində və işğal altında olan yaşayış məntəqələrində barbar ermənilər daşı-daş üstə qoymamışlar və qəbirləri belə sökmüşlər. Burada işğalın ağırlığını sinəsində daşıyan doğma torpaqlarımızdan başqa ələ gələn hec nə qalmamışdır.
Füzuli Qarabağın formalaşması və inkişafı ilə bağlı olan tarixi proseslərdə önəmli yer tututr və ərazi vahidi kimi Qarabulaq adı ilə 1827-ci ildə yaradılmışdır. Rayonun ərazisi qədim insan məskəni kimi tanınır və bu Azıx mağarasındakı arxeoloji tapıntılarla təsdiqlənmişdir. Sovetlər birliyi dönəmində 1930-cı il avqust ayının 8-də inzibati rayon statusuna yiyələnmiş və Qaryagin rayonu adlandırılmışdır. Böyük filosof və şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi ilə əlaqədar olaraq, 1950-ci ilin aprelində isə rayonun adı dahi ədibin şərəfinə Füzuli kimi tarixə düşmüşdür. Rayonun ərazisi əsas etibarı ilə mailli düzənliklərdən və Qarabağ dağ silsiləsinin Cənub-Şərq ətəklərindən ibarətdir. Füzuli həm də ölkəmizin Cənub sərhədləri– İranla Araz çayı boyunca sərhəd ərazisi kimi ciddi önəm daşıyır. Rayonun ərazisi 1,39 min kvadrat kilometrdir və əhalisi isə 134 min nəfərdir. Füzuli şəhəri ilə yanaşı, rayonda hazırda mərkəz funksiyasını yerinə yetirən abad Horadiz şəhəri fəaliyyət göstərir. Ümumilikdə isə rayonda məcburi köçkünlər üçün salınmış 11 yeni Qayıdış, 5 Zobucuk, 1 Fin qəsəbələri ilə bərabər, 82 kənd vardır. Ən iri kəndlər arasında Böyük Bəhmənli və Horadiz kəndləri xüsusilə fərqlənirlər, amma Horadiz kəndi işğal dövründə tamamilə dağıdılmışdır. 1994-cı il yanvar ayının 5-də ulu öndər Heydər Əliyevin qətiyyəti hesabına Füzuli rayonunun işğal olunmuş Horadiz qəsəbəsi və 21 kəndi erməni faşistlərindən təmizlənmişdir.
Hazırda Füzuli rayonun və ilk növbədə Füzuli şəhərinin bərpası və sürətli inkişaf prosesləri davam etməkdədir. Dövlət başcısının qısa müddət ərzində bu rayona 4 dəfə səfər etməsi, bərpa-quruculuk işləri ilə yerindəcə tanış olması, təməlqoyma mərasimində iştirak etməsi, zəruri tapşırıq və tövsiyələrini verməsi aparılan işlərin daha intensiv təşkilinə təkan vermişdir. Rayonda respublika və beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yaradılması işləri misli görünməmiş sürətlə aparılır. Hazırda Füzuli-Hadrut avtomobil yolu, Horadiz-Ağbənd dəmiryolu xəttinin və Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun tikintisi intensiv olaraq davam etdirilir. Rayonun və regionun su təchizatında genişmiqyaslı tədbirlər görülür, davamlı elektrik enerjisi təminatı yaradılır və artıq “Füzuli” yarımstatnsiyasının açılışı olmuşdur. 2021-ci il fevral ayının 14-də Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmiryol xəttinin təməlqoyma mərasizimində iştirak etmiş və bildirmişdir ki, bu dəmir yol xəttinin çox böyük strateji əhəmiyyəti vardır: “Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”. 2021-ci il avqust ayının 29-da isə dövlət başcısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanınında aparılan tikinti işlərinin gedişi ilə yerində tanış olublar. Bu hava limanı regionun ən iri hava limanı statusunu və eyni zamanda Qarabağımızn strateji hava qapısı rolunu daşıyacaqdır. Hava limanının tikintisi sürətlə reallaşdırılmışdır və onun əsas məqsədi regionun digər əraziləri ilə yanaşı, ilk növbədə müqəddəs və mədəni paytaxtımız Şuşaya daha çox xarici qonaqların gəlməsini sürətləndirməkdir. Ümumiyyətlə, Füzuli hava limanı bir çox amillər baxımından çox mühüm strateji layihə və nəqliyyat-logistika mərkəzi kimi qiymətləndirilməlidir. Artıq yerli və beynəlxalq ekspertlər birmənalı şəkildə bu çür qiymətləndirmələr səsləndirməkdədilər. 2020-ci il sentyabr ayının 5-də ilk uçuş sınagı baş tutmuşdur və tezliklə Füzuli hava limanının rəsmi açılışı reallaşdırılacaqdır.
Füzuli rayonunda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə, Füzuli şəhərinin isə nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Belə ki, rayonun güclü iqtisadi resursları, o cümlədən bir sıra ənənvi və yeni iqtisadiyyat sahələrinin intensiv inkişafına imkan verən potensialı vardır. Rayonda ənənəvi olaraq kənd təsərrüfatı sahələri – heyvandarlıq, üzumçülük, bitkiçilik, ilk növbədə taxılçılıq, onun əsas seqmenti olan ərzaq buğdası istehsalı inkişaf etdirilmişdir. Sənaye sahələrinin inkişafı da diqqət mərkəzində olmuş, xüsusilə aqrosənaye kompleksinin və tikinti sənayesinin inkişafı, emal müəssisələrinin fəaliyyəti məhsuldar xarakter daşımışdır.
Hazırda Füzuli şəhərinin və ümumilikdə Füzuli rayonunun yaxın və uzaq perspektivdə səmərəli inkişaf istiqamətlərindən yanaşdıqda bir qrup amillər və sahələr daha çox cəlbedici görünürlər. Məsələn, Füzuli Beynəlxalq Hava Limanının bazasında Şenon (İrlandiya) beynəlxalq aeroportunun təcrübəsinə uyğun “İnnovasiyalar və elmi-texniki” azad iqtisadi zonanın (AİZ) və yaxud “İxrac-istehsal və gömrük” AİZ-nin yaradılması perspektivi yüksək görünür. Horadiz şəhərindən hələ keçmiş SSRİ dövründə İranla mövcud olan sərhəd keçid məntəqəsinin yaxınlığında “Horadiz sərhədyanı ixrac-istehsal və gömrük” AİZ-nin yaradılması da məhsuldar səmərə verə bilər. Burada Arazın o tayında yaşayan soydaşlarımızın inteqrasiyası və Azərbaycanla ticarət-iqtisadi əlaqələrinin gücləndirilməsi amili də strateji məqam kimi nəzərə alınmalıdır.
Eyni zamanda, fikrimizcə, Füzuli rayonunda “Böyük Köç” qayıdışı ərəfəsində bir sıra iri istehsal-sənaye komplekslərinin və zonalarının yaradılması, müəssisələrin istismara verilməsi vacibdir. Rayonun və regionun resurslarından yanaşdıqda, çoxfunksiyalı “Qida və yüngül sənaye” klasterinin təşkili cəlbedici qiymətləndirilə bilər. Bu klasterə ölkənin potensial investorları, ali təhsil və elmi-tədqiqat müəssisələri, elmi-texnoloji mərkəzləri ilə bərabər, xarici ölkələrdən investor şirkətlərin fəal cəlb olunması imkanı vardır və bunun əsas səbəbi – əksər növ nəqliyyat infrastrukturunun, o cümlədən, hava nəqliyyatı infrastrukturunun və logistika potensialının olmasıdır. Bundan başqa, Füzuli rayonunda iri şəkər zavodunun tikilməsi ətraf rayonlar da daxil olmaqla, şəkər çuğunduru istehsalının artırılmasında və işsizliyin azaldılmasında, əhalinin keyfiyyətli şəkər məhsulu ilə təminatında önəmli rol oynaya bilər. Eyni zamanda, bu şəkər istehsalı bazarında İmişli Şəkər Zavodu ilə sağlam rəqabət mühiti yaranar. Bundan əlavə, perspektivdə Zəngəzur Beynəlxalq Nəqliyyat dəhlizinin açılması, Şərqi Zəngəzur iqtisadi rayonunun inkişafının sürətləndirilməsi amillərini də nəzərə alsaq, Horadiz şəhəri kənarında bir neçə ixracyönlü sənaye müəssisələrinin tikilməsinə zərurət vardır. Rayonda tikinti sektorunun inkişaf etdirilməsi və tikinti materialları istehsal bazasının təşkili də prioritet fəaliyyət istiqamtlərinə daxil edilə bilər.
Bütün bunlar əsas götürülməklə, yaxın dövrdə Füzuli rayonunun intensiv inkişaf edəcəyini və Füzuli şəhərinin Qarabağda, həm də işğaldan azad olunmuş bütün ərazilərin iqtisadiyyat quruculuğunda, sosial-iqtisadi inkişaf prioritetlərinin reallaşdırılmasında strateji əhəmiyyəti dəfələrlə artacaqdır.
Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru.