Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu Erasmus+KA2 proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsinin növbəti işçi görüşü keçirilib.
Tehsil.biz xəbər verir ki, görüş zamanı layihə üzrə Avropa tərəfdaşlarının klaster təcrübəsi, o cümlədən onların hüquqi təşkilatlanma formaları, idarəetmə strukturları, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, gəlir mənbələri, strateji inkişaf planları və hədəfləri, ali təhsillə inteqrasiyası haqqında ətraflı məlumat verilib. Həmçinin Avstriya, Litva, Polşa, İtaliya və İspaniyada fəaliyyət göstərən klasterlərin nümunəsində təqdimatlar edilib və geniş müzakirələr aparılıb.
Daha sonra layihə üzrə Azərbaycan, Moldova və Ukraynada bilik mərkəzlərinin yaradılması üzrə yol xəritlərinin hazırlanması üçün işlərin müzakirəsi aparılıb.
Onlayn işçi görüşdə AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və Layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva iştirak edib.