Logo

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində onlayn elmi seminar keçirilib

26.11.2020 16:31 496 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “İkinci Bakı su kəmərinin məhsuldarlığının artırılması məqsədilə  yeraltı su yatağının istismar ehtiyatının qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Moderator, Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova seminar iştirakçılarını salamlayaraq əzəli Azərbaycan torpağı olan Kəlbəcərin işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edib. Karantin dövründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu qeyd edib. Məhluqə Məmmədova eyni zamanda seminarın keçirildiyi günün Azərbaycan hidrogeologiya elmi məktəbinin davamçılarından biri, BDU-da pedaqoji fəaliyyət göstərmiş, Əməkdar mühəndis, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərovun doğum gününə təsadüf etdiyini qeyd edərək onun elmi fəaliyyəti haqqında məlumat verib, alimin elmin təhsilə inteqrasiya məsələlərinə verdiyi tövsiyələr və araşdırmalarının dünya elminə verdiyi töhfələrdən söz açıb.

 

Daha sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Su mənbələrinin, emal  qurğularının idarə olunması və ekologiyası şöbəsinin rəisi, BDU-nun Geologiya fakültəsinin məzunu Elkin Rüstəmov “İkinci Bakı su kəmərinin məhsuldarlığının artırılması məqsədilə yeraltı su yatağının istismar ehtiyatının qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ikinci Bakı su kəmərinin sugötürücü qurğular kompleksi, su kəmərini qidalandıran ərazinin mövcud hidrogeoloji və geoekoloji  şəraiti, qidalanma mənbələrinin təminatlılığı və  kəmərin məhsuldarlığının artırılması məqsədilə yeraltı su yatağının istismar ehtiyatının qiymətləndirilməsi barədə məlumatlar öz əksini tapıb. Eyni zamanda su təchizatı məqsədilə innovativ üsulların tətbiqi və kompüter proqramlarından istifadə etməklə aparılan hidrоgeоlоji tədqiqatlar, yeraltı suların istismar ehtiyatlarının hesablanması və оnlardan istifadə perspektivi, bu suların çirklənmədən və tükənmədən mühafizəsi məsələləri, yeraltı su yataqlarının mоnitоrinqinin aparılması kimi məqamlara aydınlıq gətirilib.

 

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Çingiz Qurbanov, direktor müavini Fərda İmanov, professorlar Məmməd Çıraqov, Bahadır Qələndərov, Nazim İmamverdiyev, dosentlər Əli Novruzov, Əvəz Məmmədov çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər, bu tip seminarların keçirilməsinin hidrogeologiya ixtisası üzrə təhsil alan tələbə və magistrantların hidrogeoloji tədqiqatlarda tətbiq olunan müasir metodologiyalarla və yeni avadanlıqlarla tanış olması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd etdilər.

 

Daha sonra akademik Vasif Babazadə Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti sayəsində əldə olunan qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə iştirakçıları təbrik edərək bu gün Kəlbəcərdə dalğalanan şanlı bayrağımızın hər birimizə qürur hissi yaşatdığını qeyd edib. BDU-da keçirilən onlayn elmi seminarların elm və tədqiqat işlərinin onlayn formada davam etməsinə mühüm töhfələr verdiyini bildirib.

 

Təhsilin təşkilinin stimullaşdırılması və onlayn tədris prosesinin davamlılığının təmin edilməsi məqsədilə keçirilən seminar iştirakçıların elmi diskussiyası ilə yadda qalıb.

Xəbər lenti