Logo

"Çox gecdir" deyə bir zaman yoxdur!

26.11.2020 18:12 1305 baxış
IMG

Universitetin ilk günü dərsdə professorumuz əvvəl özünü təqdim etdi, sonra «Bu il yepyeni bir tələbəmiz var. Çox maraqlı biridir, görək tapa biləcəksinizmi?» dedi. Ayağa qalxıb ətrafa boylanırdım ki, yumşaq bir əl çiynimə toxundu. Döndüm. Üzü əməlli qırışmış bir yaşlı xanım, gülümsəyərək mənə baxırdı.
 

«Mənim adım Rozadır, gözəl qız. 87 yaşındayam. Tanış olduqsa, səni qucaqlaya bilərəm?»
Güldüm. "Əlbəttə" dedim. Elə ürəkdən qucaqladı ki, " Bu qədər gənc və məsum yaşda niyə universitetə gəlmisiz?" deyə zarafat etdim.
Qəhqəhə ilə cavab verdi:

 

— Bura varlı ər tapmağa gəlmişəm. Evlənib bir neçə uşaq gətirəcəm dünyaya. Sonra təqaüdə çıxıb dünyanı gəzəcəm.


Dərsdən sonra birlikdə südlü şokolad içdik. Rəfiqə olmuşduq. Ertəsi gün və ertəsi 3 ay sinifdən bir çıxıb, dərslərə bir gəldik. Saatlarla söhbət edirdik. Elə ağıllı, təcrübəli idi ki, onu dinləməklə dərslərdən daha çox şey öyrəndiyimi hiss edirdim. Tezliklə bütün fakultənin gülü oldu. Hara getsə, ətrafına tələbələr toplaşır, dostlaşırdılar. Yaxşı geyinməyi sevir, başqa tələbələrin diqqətində olmaqdan həzz alırdı. Öz həyatını yaşayırdı. Hamımızdan daha canlı, daha dolu yaşayırdı.
 

Təhsil ilinin sonunda məzun gecəsində ona çıxış etmək üçün söz verdik. Danışacağı sözləri əvvəldən hazırlamış, bir yığın kartlara yazmışdı. Əlində bir dəstə kart kürsüyə gələrkən büdrədi və kartlar dağıldı. Danışmağa başlamadan " Nə qədər bacarıqsızam, deyilmi? Üzr istəyirəm. Bura gəlməzdən həyəcanımı yatırtmaq üçün, bir qədəh viski içdim. Nəticəni görürsüz. İndi bu kartları yerdən toplasam belə, onları ardardına düzə bilmərəm. Yaxşısı mən ağlımda qalanları deyim, olar? Biz qəhqəhələrlə gülərkən, o bardaqdan bir qurtum su uddu və dedi:
 

«Yaşlandığımız üçün evlənməkdən, oynamaqdan, yaşamaqdan imtina etmirik. Evlənmək, oynamaq və yaşamaqdan imtina etdiyimiz üçün yaşlanırıq. Gənc qalmağın, xoşbəxtliyin və uğurlara imza atmağın sirləri çox bəsitdir. Hər gün gülmək və həyata qatmağa maraq tapmaq. Bir arzunuz olmalıdır mütləq. Ətrafımızda arzusuz yaşayan bir çox ölülər var, bundan özlərinin də xəbəri yoxdur.
 

Yaşlanmaqla böyümək arasında çox böyük fərq var. Əgər 19 yaşındasınızsa və heç bir iş görmədən, heç bir şey yaratmadan bir il yatsanız, sadəcə bir il yaşlanar, 20 olarsınız. Hər insan hər il 1 il yaşlanır, bunun üçün özəl istedad və biliyə ehtiyac yoxdur. Halbuki 1 yaş böyümək üçün mütləq bir şeylər etmək, yaratmaq, özünü inkişaf etdirəcək fürsətləri tapmaq və istifadə etmək lazımdır. Əsla peşman olmayın. Biz yaşlılar çox vaxt etdiklərimizdən yox, etmədiklərimizdən peşman oluruq.Ölümdən qorxan insanlar peşman olanlardır. Peşman olmaqdan qorxduğu üçün heç nə etməyənlərdir.»


Nəhayət Roza bir vaxt həyat mübarizəsi səbəbi ilə yarımçıq atmalı olduğu universiteti 91 yaşında müvəffəqiyyətlə bitirdi. Məzuniyyət gecəsindən 1 həftə sonra yuxusunda, hüzur içində öldü. Cənazə mərasimində 2 mindən çox tələbə iştirak edirdi «Edə biləcəyimiz hər şeyi etmək üçün əsla gec olmayacağını» hamımıza öyrədən bu möhtəşəm qadını necə unutmaq olardı?! Roza bir təhsil ilinə bərabər bir cümlə öyrətmişdi bizə: "Çox gecdir" deyə bir zaman yoxdur!

Xəbər lenti