Logo

Məktəbli atasına dərman almaq üçün pambıq toplayır - FOTO

19.10.2021 17:51 518 baxış
IMG

Açıq ürək əməliyyatı keçirən Zərdab rayon Çallı kənd sakini vəziyyəti ilə bağlı dövlət qurumlarının biganə münasibətindən narazıdır.

Tehsil.biz xəbər verir ki, bu barədə Oxu.Az-a kənd sakini 1983-cü il təvəllüdlü İsayev Samir Tahir oğlu məlumat verib. O bildirib ki, ürəyində şiş (miksoma) var:

“Ötən il sentyabr ayının 7-də süni qan dövranı şəraitində aorta-koronar şuntlanma (açıq ürək əməliyyatı) və miksomanın ləğvi əməliyyatı keçirmişəm. Əməliyyatdan sonra vəziyyətimin həkim nəzarətində saxlanılması yazılıb. Vəziyyətimin ağırlaşması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlamışam. Müraciətimə rədd cavabı gəlib. Mənim xəstəliyim, xəstəlik dövrüm hamısı xəstəlik kitabçamda qeyd edilib. Sonuncu dəfə 2 ay bundan öncə Kardiologiya İnstitutundan kağız al dedilər, müayinədən keçib kağız da aldım. Amma heç bir tədbir görülmədi. Vəziyyətim də qeyd edilib ki, ağırlaşma var. Dərmanlarım bitib, bahalı dərmanlardır, ala bilmirəm”.

S.İsayev onu da qeyd edir ki, qızı İsayeva Nuriyyə 7-ci sinif şagirdidir və ona dərman almaq üçün pambıq yığır:

“Qızımın 13 yaşı var. Onun yaşıdları məktəbə gedir, gəlib dərslərini oxuyur. Mənim qızım isə çarəsizlikdən pambıq yığır ki, mənə dərman alsın. Ata kimi bu vəziyyətdə olmaq məni məhv edir. Xahiş edirəm mənim vəziyyətimlə kimsə maraqlansın, heç olmasa dərmanlarımın alınmasına köməklik edilsin”.

Xəbər lenti