Mehdiyev Ümid Səməndər oğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
rektorunun müşaviri
Oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 30 illiyi ərəfəsində Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.
Ötən əsrin 90-cı illərinin əvvəlində SSRİ-nin dağılması ilə yaradılan quruma Azərbaycan 1993-cü ildən tam səlahiyyətli üzv kimi daxil olmuşdur. Məlum olduğu kimi, həmin dövrdə yenicə müstəqillik qazanan respublikamızın 20 faiz torpağı təcavüzkar Ermənistan tərəfindən işğal edilmişdir. Bəzi böyük dövlətlərin və beynəlxalq qurumların ikiüzlü siyasətinin qurbanı olan danışıqlar prosesi heç bir yolla ədalətin bərpa olunmasına yönəlməmiş, Ermənistan işğal etdiyi torpaqları sülh yolu ilə geri qaytarmamışdır.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulmuş, 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız azad edilmiş, ərazi bütövlüyümüzün bərpası xalqımıza qürur və sevinc hissləri yaşatmışdır. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olmuş, bu Zəfər sayəsində “Ermənistanın məğlubedilməzliyi” kimi mifə birdəfəlik son qoyulmuşdur.
Tarix elə gətirdi ki, qurumun 30 illiyi ərəfəsində Azərbaycan konfransa qalib ölkə kimi qatıldı. Hər zaman və hər məkanda Azərbaycanın haqq səsini böyük kütlələrə çatdıran Prezident İlham Əliyev bu dəfə zəfər nitqi söylədi: “Bütövlükdə, postmünaqişə dövrü sakit keçir. Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib”.
Ölkə başçısı çıxışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasındakı rolundan bəhs edərək vurğulamışdır ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümünün qarşısını almağa imkan yaratdı. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etmişdi.
Dövlətimizin başçısı MDB dövlətləri liderlərinə hazırda ölkəmizdə davam edən bərpa-quruculuq işləri ilə bağlı da məlumat verərək bildirmişdir ki, müharibə bitəndən, torpaqlarımız işğaldan azad ediləndən sonra bizim əsas məqsədimiz 30 il müddətində xüsusi amansızlıqla dağıdılan, məhv edilən şəhər və kəndlərimizi yenidən dirçəltmək, bu yerlərə həyatı qaytarmaqdır. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada da Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib.
Dövlət başçısı işğal edilmiş ərazilərimizin uzun illər narkotrafik və terrorçuların yetişdirilməsi üçün istifadə edildiyini xatırladaraq bildirmişdir ki, bu məsələni dəfələrlə dilə gətirib. Əlbəttə, bu, müxtəlif dövrlərdə sübuta yetirilmiş dəqiq faktdır.
Eyni zamanda Cənab Prezident qarşımızda duran ən önəmli problemin mina xəritələrinin bizə verilməməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.
Çıxışının sonunda münaqişənin artıq geridə qaldığını xatırladan Prezidentimiz Ermənistanın ona verilən şansı düzgün dəyərləndirəcəyinə ümidvar olduğunu qeyd edib: “Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.
Qazanılan qələbəmizin möhkəmləndirilməsi üçün güclü dövlətin olması vacibdir. İndi müasir, qüdrətli, regionda öz sözünü deyə bilən, heç kəsdən çəkinməyən, heç bir böyük dövlətin forpostu olmayan, heç bir supergücün diktəsi ilə siyasət yürütməyən bir Azərbaycan dövləti mövcuddur. Azərbaycanın tərəqqisinin təməlində təbii sabitlik, güclü millət, qüdrətli dövlət və güclü liderlik keyfiyyətlərinin vacibliyi dayanır.