Logo

BMU dosentinin həmmüəllifi olduğu kitab işıq üzü görüb

20.10.2021 11:24 67 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanovun həmmüəllifi olduğu “Azərbaycan iqtisadiyyatı: makroiqtisadi analiz” kitabı işıq üzü görüb.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasının 30 illiyi münasibəti ilə nəşr olunan kitab geniş auditoriya üçün nəzərdə tutulub. İqtisadiyyatımızın müxtəlif aspektlərdən tədqiq edildiyi və nəfis tərtibatla dizayn olunduğu kitab ölkənin ən qabaqcıl universitetlərindən biri olan Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının qərarı ilə dərs vəsaiti olaraq nəşrə tövsiyə edilib. 13 fəsil və 406 səhifədən ibarət olan kitabda Azərbaycan iqtisadiyyatının makroiqtisadi analizi aparılıb və ölkəmizin iqtisadi inkişafi elmi olaraq təhlil edilib.

Dərs vəsaitinin digər həmmüəllifi Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fərhad Rəhmanovdur. Rəyçiləri isə Azərbaycan Texniki Universitetinin rektoru, i.e.d., professor Vilayət Vəliyev və Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri, i.e.d., professor Vahid Abbasovdur.

BMU dosentinin sayca 15-ci olan kitabının elektron versiyasının elmi resurs bazalarına yüklənilməsi və bir neçə nüsxəsinin ölkəmizin aparıcı universitetlərinin kitabxanasına hədiyyə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, E.Süleymanov Azərbaycan, rus, türk və ingilis dillərində 1 dərslik, 5 fərqli universitetin elmi şurasının qərarı ilə 9 dərs vəsaiti və 5 monoqrafiya, həmçinin əksəriyyəti xaricdə nəşr olunan 100-ə yaxın elmi məqalənin müəllifidir. Onun əsərlərinə istinad sayı 500-dən çoxdur. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO), The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Survey-in eksperti olan BMU prorektoru, eyni zamanda, bu qurumların bir neçə nəşrlərində Azərbaycan üzrə hesabatların da müəllifi olub.

Məqalələri “Renewable and Sustainable Energy Reviews”, “Economic Modelling”, “Environmental Science and Pollution Research”, “Economies , International Journal of Knowledge and Learning”, “The Romanian Statistical Review”, “Expert Journal of Economics”, “International Journal of Social Sciences and Humanity Studies”, “Academic Journal of Economic Studies” kimi impakt faktorlu jurnallarda işıq üzü görüb. Adıçəkilən jurnallardan bəzilərinin Scopus impakt faktoru 30-dan yuxarıdır və bu Azərbaycanda ictimai elmlərdə impakt faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir. E.Süleymanov, eyni zamanda, Web of Science və Scopus sisteminə daxil olan 10-a yaxın elmi jurnalın resenzisti kimi bir çox məqalənin rəyçisi olub.

Xəbər lenti