Logo

Gənclər “Vətən bizdən başlayır” deyir

20.10.2021 11:38 308 baxış
IMG

Oktyabrın 19-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, Sumqayıt Gənclər Evi, Sumqayıt Gənclər Klubu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı, Sumqayıt Musiqi Kolleci və Sumqayıt Dövlət Texniki Kollecinin təşkilati dəstəyi ilə “Vətən bizdən başlayır” adlı tədbir keçirildi.

Tehsil.biz xəbər verir ki, 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbirdən öncə təşkilatçılar Sumqayıt Şəhidlər xiyabanını ziyarət etdi, şəhidlərin məzarları üstünə qərənfillər düzərək qəhrəmanlarımızın unudulmaz xatirəsini hörmət və ehtiramla andılar.

100-dən çox gəncin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı, gənclərin vətənpərvərlik mövzusunda hazırladığı səhnəciklər, canlı ifalar, videoçarx, şeirlər və digər kompozisiyalar təqdim olundu. İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışı zamanı Azərbaycan gəncliyinin son dövrlərdə qazandığı uğurlardan, ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən danışdı.

Milli Məclisin deputatları, Hicran Hüseynova və Müşfiq Məmmədli gənclərə uğurlar arzulayıb, İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmizin gənclərin tərbiyə işində əsas rol oynadığını qeyd edərək, Prezident İlham Əliyevin uğurlu gənclər siyasətindən bəhs etdilər.

Şəhid Tərlan Rzayevin anası Simnarə xanım çıxışında gənclərin vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğulayaraq, şəhidlərin xatirəsinin yaşadılması üçün bu tipli silsilə tədbirlərin vacib olduğunu qeyd etdi. Daha sonra çıxış edən qazi Nicat İsmayılov Vətən müharibəsi dövründə xüsusi rəşadət göstərmiş Azərbaycan Ordusunun misilsiz hərbi əməliyyatları barədə tədbir iştirakçılarına məlumat verdi, Ali Baş Komandanın rəhbərliyi altında müharibənin hərbi-siyasi yollarla həll edildiyini, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını qürur hissi ilə vurğuladı.

Tədbirin bədii hissəsində Sumqayıt Gənclər Klubunun sədri Emil Məmmədov “Vətən bizdən başlayır” təqdimatını etdi, Tunar Əhmədzadə əsgər məktubunu, Aliyə Əlizadə Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından bir hissə səsləndirdi. Daha sonra Qəşəm Cəfərovun ifasında “Torpağın səsi” mahnısı və Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifasında “Xudayar Təsnifi” ilə tədbirin bədii hissəsi yekunlaşdırıldı.

Xəbər lenti