Logo

Macarıstanın ali təhsil müəssisələrinin nümayəndələri Azərbaycana gəlib

20.10.2021 11:47 59 baxış
IMG

Macarıstanın bir sıra ali təhsil müəssisələrinin (“Eötvös Loránd University”, “University of Debrecen”, “University of Veterinary Medicine Budapest”, “University of Miskolc”, “University of Pecs”, “Hungarian University of Agriculture and Life Sciences”, “University of Szeged”) nümayəndələri Azərbaycana səfər ediblər.

Tehsil.biz xəbər verir ki, regionlarda yerli universitetlərlə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə nümayəndə heyəti ilk olaraq Gəncəyə yollanıb. Səfər zamanı Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin rəhbər heyəti ilə görüşlər keçirilib, mümkün əməkdaşlıq  imkanları müzakirə edilib, anlaşma memorandumu imzalanıb. Nümayəndə heyəti qeyd edilən ali təhsil müəssisələrinin infrastrukturu, tələbə yataqxanası ilə tanış olub.

Səfər çərçivəsində nümayəndə heyəti 44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Gəncə şəhərinə edilən raket hücumları nəticəsində dağıdılmış yaşayış binalarının ətrafına gül düzərək həlak olan dinc sakinlərin xatirəsini anıb, hərbi cinayətin nəticələri ilə yerində tanış olub.

Nümayəndə heyəti Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universitetində fərdi görüşlər keçirib.

Səfər zamanı nümayəndə heyəti təhsil nazirinin müavini Muxtar Məmmədovla görüşüb. Görüşdə mümkün əməkdaşlıq imkanları, həmin universitetlərdə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində təhsil alan Azərbaycan vətəndaşlarının təhsil məsələləri müzakirə edilib.

 

Xəbər lenti