Logo

BDU-nun Psixoloji Yardım Sektorunun əməkdaşı təşəkkürnamə ilə təltif edilib

20.10.2021 12:10 324 baxış
IMG

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektorunun əməkdaşı, psixoloq Natavan Həsənzadə “Fövqəladə hallarda uşaq müdafiəsi layihəsi” çərçivəsindəki fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin fövqəladə hallarda uşaqlar üçün nəzərdə tutulmuş oyun proqramı və müvafiq oyuncaq dəstləri əsasında peşəkar psixoloqların müşayiəti ilə onların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə təşkil edilmiş “Fövqəladə hallarda uşaq müdafiəsi layihəsi” yekunlaşıb. Layihə çərçivəsində 2000-dən çox uşağa psixoloji yardım göstərən psixoloqlara təşəkkürnamə təqdim edilib.

Layihə silahlı münaqişə zamanı təşviş və qorxu keçirən uşaqlara psixoloji və psixososial dəstəyin göstərilməsi məqsədilə həyata keçirilib və əsasən Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələri əhatə edib. 2020-ci ilin noyabrında başlanılan layihə həmçinin şəhid hərbçilərin və həlak olan mülki şəxslərin ailələrinin övladlarının travmatik və ya stressli hadisə yaşamasından sonra müşahidə olunan simptomların kəskinliyinin qiymətləndirilməsi və psixososial reabilitasiya işinə dəstək göstərib.

Layihəyə cəlb olunmuş peşəkar psixoloq və sosial işçilər üçün beynəlxalq təcrübənin tədris olunması məqsədilə xüsusi proqram, o cümlədən travma sonrası psixoloji vəziyyətin müəyyənləşdirilməsi, kədər, itki, hüznlə bağlı uşaqlarda güclü reaksiyanın riskləri ilə bağlı təlimatlar üzrə metodiki kurslar təşkil olunub.

Xəbər lenti