Logo

Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində

20.10.2021 12:13 309 baxış
IMG

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Bakı Ali Neft Məktəbində (BANM) olub. BANM-in rektoru Elmar Qasımov səfirlə görüşərək AIi Məktəbin tarixi, uğurları, tədris prosesi barədə məlumat verib.

Tehsil.biz xəbər verir ki, Böyük Britaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlıqdan bəhs edən rektor qeyd edib ki, BANM-in quruculuğunda bu ölkənin Heriot-Vatt Universitetinin böyük rolu olub və hazırda da həmin Universitet əsas tərəfdaşlardan biridir.

Daha sonra səfir Ceyms Şarpın Ali Məktəbin tələbələri ilə görüşü keçirilib. Görüşdə səfir iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizənin əhəmiyyətindən, ölkələrin karbon qazı emissiyalarının sıfıra endirilməsi istiqamətində öhdəliklərindən bəhs edib. O, iqlim dəyişikliklərinin və onun canlı aləmə təsirinin getdikcə dünyanı daha çox narahat etdiyini vurğulayaraq, karbon qazı emissiyalarının azaldılması istiqamətində mübarizə metodlarından, bu sahədə qlobal səviyyədə və Böyük Britaniyanın həyata keçirdiyi tədbirlərdən danışıb. Bərpa olunan enerjinin əhəmiyyətini də vurğulayan səfir, istixana qazlarının emissiyalarının azaldılmasının ətraf mühitin qorunması istiqamətində rolunu qeyd edib və ətraf mühitin qorunmasında birgə əməkdaşlığın vacibliyinə toxunub.

Səfir, həmçinin xatırladıb ki, bu ilin noyabr ayında Qlazqo şəhərində BMT-nin iqlim dəyişikliyi konfransı - COP26 keçiriləcək və dünya liderləri qlobal iqlim dəyişikliyi təhlükəsi ilə mübarizə yollarını razılaşdırmaq məqsədi ilə bir araya gələcəklər. O qeyd edib ki, "British Council" təşkilatı və Böyük Britaniyanın Bakıdakı Səfirliyi həyata keçirdiyi müxtəlif təhsil və mədəni proqramlar vasitəsi ilə Azərbaycanda COP26 məqsədlərinə dəstək göstərir və bu mövzuda bir çox tədbirlər təşkil edir: "Bizim əsas məqsədimiz iqlim əməkdaşlığına dair dialoq imkanlarını artırmaq, gənclərimizin iqlim dəyişikliyi mövzusunda təşkil olunan müzakirələrdə iştirakını genişləndirməkdir".

Səfir Ceyms Şarp Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq barədə də danışaraq, təşkil olunan proqramlar çərçivəsində Azərbaycan gəncləri ilə planlaşdırılan görüşlərin ilkinin məhz BANM tələbələri ilə keçirməkdən məmnunluğunu ifadə edib. Sonra tələbələri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, onların sualları cavablandırılıb.
   
Səfir Ceyms Şarpa Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" plaketi təqdim olunub.

Xəbər lenti