Hazırda COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə ölkəmizdə dərslər onlayn formada keçirilir. Lakin respublikamızın elə bölgələri var ki, həmin yerlərdə internetin verilməsində problemlər yaşanır və bu da onlayn dərslərin keçirilməsinə mane olur. Belə halda ən vacib məsələ həmin keçirilməyən dərslərin kompensasiya edilməsdir.
Tehsil.biz-ə danışan təhsil işçiləri keçirilməyən dərslərin necə kompensasiya edilməsi üçün təklif və fikirlərini irəli sürüblər.
Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov distant təhsillə bağlı fikirlərini ifadə edib:
“Əlçatanlığı təmin etmək üçün öz təcrübəmizə uyğun bir çox vasitələrdən istifadə edirik. Əgər internet yoxdursa və “Virtual Məktəb” platformasından yararlanmaq mümkün deyilsə, o zaman sinif rəhbərləri üçün “Whatsap” sosial şəbəkəsində qruplar yaradır. Həmin qruplara fənn müəllimləri şagirdləri əlavə edir və onlara mövzuları izah edir. Hazırda teledərslər şagirdlər tərəfindən izlənilir və müəllimlər onların başa düşmədiyi hissələri yenidən anlatmağa çalışırlar.
İnternet olmayan ərazilərdə isə yeni yanaşma ortalığa qoymağa çalışmışıq. Belə ki, A4 formatında kağızlarda teledərslərin hansı vaxtda keçiriləcəyi şagirdlərə çatdırılır. Bu proses könüllülər tərəfindən həyata keçirilir. Elə kəndlər var ki, orada internet bağlantısı yoxdur. Həmin yerlərdə könüllülər şagirdlərə qaranlıq qalan məqamları qeydə alırlar. Bu məqamlar müəllimlərə çatdırılır və onlar şagirdlərə kömək edirlər. Yəni, müəllim və şagird internet olmadan bir-birləri ilə ünsiyyət saxlayır. Həmçinin, telefon danışığından da istifadə edilir. Demək olar ki, telefonu olmayan ailə yoxdur. Ən azından, ağıllı telefon olmasa belə, normal telefon demək olar ki, bütün ailələrdə var”.
Ağdam rayon 91 nömrəli orta məktəbin direktoru Nemət Rüstəmli cəbhəyanı ərazilərdə tədrisin təşkilindən söz açıb:
“Hazırda cəbhəyanı ərazilərdə yerləşən məktəblərdə ən böyük problemlərdən biri də internetlə bağlıdır. Bunu yaşayan 10 direktordan biri də mənəm. Şagirdlərin çoxu buna görə dərsdən qalır. Müəllimlərin əksəriyyəti isə “ZOOM”-a daxil ola bilmir.
Nazirlikdən bizə siyahı göndərilib ki, bəzi dərslər proqramdan çıxarılsın. Məsələn, 11-ci sinif dərsləri böyük ehtimal ki, qəbul imtahanına düşməyəcək, 9-cu sinif dərsləri isə buraxılış imtahanına salınmayacaq.
Biz məsələ ilə bağlı tam olaraq çıxış yolu tapmamışıq. Daha aşağı siniflərə gəldikdə isə keçirilməyən dərsləri kompensasiya etməyin yolu əyani dərslər başladıqdan sonra keçirilməyən mövzuları yenidən izah etməkdir. Məsələn 7-ci sinifdirsə, 6-cı sinifə aid dərsləri təkrar etmək lazımdır və ya bir fənnə həftə ərzində 3 saat vaxt verilirsə, onun bir saatını ötən il keçirilməyən dərslə əvəz edilməlidir. Növbəti tədris ilindən belə edilsə, daha effektiv nəticə əldə etmək olar. Bizim onlayn təhsil sistemimiz 10 faiz yararlı ola bilər. Onun genişmiqyaslı elmi bilik ötürməsi hələ ki, mümkün deyil. İnternet digər ərazilərdə açılsa belə bu effekt verməyəcək.
Çünki elə qruplar var ki, şagirdin biri daxil olub qrupun səsini batırır, digəri isə dərsi tərk edir və başqalarını da buna etməyə təhrik edir”.
Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi Səltənət Qurbanova kənd məktəblərində distant təhsilin çətinliklərindən söz açıb:
“Hazırda çalışdığım məktəbdə dərslərin keçirilməsində müəyyən problemlər yaranır. Onun qarşısını almaq üçün bir çox üsullardan istifadə edirik. Bunun nə dərəcədə yaxşı alındığını deyə bilmərəm, lakin heç yoxdan yaxşıdır. Kənd məktəbi olduğu üçün burada 110 şagird təhsil alır. Hər sinifdə 7-8 şagird olur. Onları yarımqruplar şəklində bölmüşük. Telefonla 4-5 nəfər şagirdi qoşub, onlarla videokonfrans formatında danışıq aparırıq. Onlara mövzuları izah edir, çalışmalar verir və test tapşırıqları edirik. Sonra isə növbəti yarımqrupu qəbul edirik.
Onlayn təhsilin güclü effekti olduğuna inanmıram. Bu bütün dünya üçün qlobal problemlərdən biridir. Keçilməyən mövzuları və onlayn dərsdə mənimsənilməyən fənləri təkrar proqrama daxil etmək olar”.