Logo

“Olimpiadadakı əksər şagirdin seçimi Bakı Ali Neft Məktəbi olur” 

21.10.2021 09:20 120 baxış
IMG

BANM-in II kursuna qəbul olunan olimpiadaçı: “Olimpiadadakı əksər şagirdin seçimi Bakı Ali Neft Məktəbi olur” 

Azelma Ağakişiyeva olimpiadaçıdır, ingilis dilini yüksək səviyyədə bilir. Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına müsabiqədən kənar qəbul olunub. Yüksək səviyyədə ingilis dili biliyi sayəsində isə birbaşa Bakı Ali Neft Məktəbinin ikinci kursunda təhsil alır.

Azelma qatıldığı həm respublika, həm də beynəlxalq olimpiadalardan uğurlu nəticələr əldə edib. Respublika Fənn Olimpiadalarında İnformatika fənni üzrə üç dəfə III, bir dəfə II, bir dəfə isə I yeri tutub. Gürcüstanda tələbələr arasında keçirilən “Vekua cup” Avropa Olimpiadasına orta məktəb şagirdi olaraq qatılıb və “Yüksək nəticə sertifikatı” əldə edib.
O, informatika ilə yanaşı, iki dəfə riyaziyyat üzrə də yarışmalara qatılıb  və bir yarışmada I yerin sahibi olub.

Bundan başqa, qatıldığı bir beynəlxalq yarışmada 4 min nəfər arasından ilk 20-liyə daxil olaraq “Yüksək nəticə sertifikatı” əldə edib.

Azelmanın uğurları olimpiadalarla yekunlaşmayıb, o, ingilis dilini də yüksək səviyyədə öyrənib. Beynəlxalq ingilis dili imtahanı-IELTS-dən maksimum 9 baldan 8,5 bal toplayaraq birbaşa BANM-in ikinci kursunda təhsil alır. 2004-cü ildə Bakı şəhərində anadan olan Azelma deyir ki, ingilis dilini təhsil aldığı 6 nömrəli məktəbdə öyrənməyə başlayıb. İngilis dilinin qrammatikasını yaxşı bilməyində müəlliminin əvəzsiz rolu olduğunu bildirir. Müəlliməsi yüksək səviyyədə qrammatika öyrədib, özü isə 5-6-cı sinifdən ingilis dilində filmlər izləyərək, kitablar oxuyaraq dil biliklərini inkişaf etdirib.

Azelma BANM-də oxumağı 2-3 il əvvəldən hədəfləyib. Bu Ali Məktəbə marağını isə iştirak etdiyi Olimpiadalardakı tanışları yaradıb. O deyir ki, olimpiadada iştirak edən əksər şagirdin seçimi Bakı Ali Neft Məktəbi olur: “Bu Ali Məktəb haqqında olimpiada yoldaşlarımdan məlumat aldıqdan sonra özüm də araşdırmağa başladım. BANM-də təhsilin keyfiyyətinin necə yüksək səviyyədə olduğunu, məzunların peşəkar kadr kimi yetişdiyini öyrəndim. Öyrəndiklərim BANM-in Azərbaycanda ən yaxşı Ali Məktəblərdən biri olduğunu təsdiqləyirdi ”.

İxtisas seçimi məsələsinə gəlincə isə Azelma deyir ki, Bakı Ali Neft Məktəbində təhsil almağa qəti qərar verdikdən sonra informatika ilə əlaqəli bir ixtisas seçəcəyini düşünüb, fikrini tam dəqiqləşdirdikdən sonra İnformasiya təhlükəsizliyi ixtisasına qərar verib.

Xəbər lenti