Logo

ADA Universiteti Pakistanın Strateji Araşdırmalar Mərkəzi ilə birgə onlayn beynəlxalq konfrans təşki

27.11.2020 11:39 440 baxış
IMG

Noyabrın 26-da ADA Universiteti Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi ilə birgə “Azərbaycan-Ermənistan Silahlı Münaqişəsi: Cənubi Qafqazın regional dinamikasının səbəb və nəticələri” mövzusunda beynəlxalq konfrans keçirib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn konfransda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycanın Pakistandakı səfirliyinin 2-ci katibi Samir Quliyev, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Azər Babayev, hərbi attaşe, polkovnik Mehman Novruzov Azərbaycan tərəfinin özünümüdafiə və sülhə məcburetmə əməliyyatının regionun siyasi və iqtisadi mənzərəsinə təsirlərindən bəhs ediblər.

Pakistan tərəfindən konfransa qoşulan çıxışçılar - Qlobal və Strateji Araşdırmalar Mərkəzinin Baş Məsləhət Şurasının üzvü Şahid Həşmət, regional və geosiyasi məsələlər üzrə analitik Mehmud Xan Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Cənubi Qafqazın təhlükəsizliyinə təsirlərinə, regional və digər güclərin münaqişə ilə bağlı mövqeyinə toxunublar. Xarici ekspertlər qeyd ediblər ki, bu münaqişənin həllini tapması beynəlxalq münasibətlər sistemindəki dəyişikliklərdən xəbər verir.

Prorektor Fariz İsmayılzadə münaqişənin yenidən başlaması ilə Cənubi Qafqazda tektonik dəyişikliklərin özünü göstərdiyini, 30 ilə yaxın işğal altında olan ərazilərimizin işğaldan azad edildiyini və Azərbaycan ərazilərinin geri qaytarılması ilə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasının təmin olunduğunu vurğulayıb.

 

Hərbi attaşe, polkovnik Mehman Novruzov Azərbaycanın 44 günlük münaqişədə tətbiq etdiyi hərbi strategiyadan və münaqişənin mənfi nəticələrini minimuma endirmək üçün istifadə etdiyi hərbi-texniki avadanlıqlardan, erməni tərəfi üçün gözlənilməz istiqamətdə Şuşaya daxil olan Azərbaycan hərbçilərinin yaxın məsafədə apardığı uğurlu döyüşlərdən söhbət açıb.

 

Azərbaycan Pakistandakı səfirliyinin 2-ci katibi Samir Quliyev qeyd edib ki, müstəqillik dövründə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində bir çox vacib beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlara üzv ölkələrin Azərbaycanın tərəfində olduğunu bildirən S. Quliyev BMT Baş Assambleyasının ölkəmizin ərazi bütövlüyünü əks etdirən qətnamələrini xatırladıb.

 

Əsas natiqlər sırasında yer alan ADA Universitetinin müəllimi Azər Babayev vurğulayıb ki, Dağlıq Qarabağ ərazisi mübahisəli ərazi kimi təqdim edilməyə çalışılsa da, bu, mübahisəli ərazi deyil, beynəlxalq hüququn da təsdiqlədiyi kimi, Ermənistan tərəfindən işğal edilmiş ərazi idi.

 

Xəbər lenti