Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılğı ilə “Ermənilərin ekoloji terrorizmi” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan moderator, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirakçıları salamlayaraq tədbirin əsas məqsədinin müzəffər Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə ictimaiyyətin məlumatlandırılması, aktual məsələyə elmi diqqətin cəlb edilməsi olduğunu bildirib.
Sonra BDU-nun Fiziki coğrafiya kafedrasının müdiri Yaqub Qəribov “Kiçik Qafqazın erməni təcavüzünə məruz qalmış cənub yamacının landşaftlarının kosmik tədqiqatlarlarla qiymətləndirilməsi”, Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova “Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə ekoloji terrorun təzahürləri”, Ekoloji Kimya kafedrasının müdiri Sevinc Hacıyeva “Ermənistanın vandalizmi və Ekoloji terroru nəticəsində Azərbaycan təbiətinə və ətraf mühitinə vurulan zərər”, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov “Ermənistanın Azərbaycan işğal olunmuş ərazilərində törətdiyi ekoloji cinayətlərin Beynəlxalq hüquqi məsuliyyəti”, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Turizm və rekreasiya şöbəsinin müdiri Zaur İmrani “Qarabağ və ətraf rayonlara dəyən sosial-iqtisadi və ekoloji ziyanların qiymətləndirilməsi”, İqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov “Ekoloji pozuntulara məruz qalmış rayonlarda ərazi planlaşdırılma proqramlarının hazırlanması” mövzularında məruzə ilə çıxış ediblər.
Çıxışlarda Qarabağ landşaftlarının dağıdılması, ekoloji fəsadlar, deqradasiyaya uğraması, dağ massivlərində və dağ ətəyi mayili düzənliklərdə landşaftların şaquli diferensiyasiyası, əsas landşaft vahidlərinin ekoloji xüsusiyyətlərinin CİS texnologiyasının tədbiqi ilə təhlil edilməsi, son 25-30 ildə müasir landşaftların dinamikasında baş verən mühüm dəyişikliklər, regionun geoloji, geomorfoloji, litoloji, hidrogeoloji xüsusiyyətləri, işğaldan azad olan ərazilərin münbit torpağı, su ehtiyatları, meşə örtüyü, su hövzələrinin çirklənməsi, landşaft infrastrukrurun yenidən qurulması kimi məsələlərdən bəhs edilib. Qeyd olunub ki, Azərbaycanın işğal altından azad olunan ərazilərinə son 30 ildə 500 milyard dollar qiymətli təbii ehtiyatlarına, 32 milyard dollar isə ətraf mühitə ziyan vurulub.
Seminar elmi məruzələrin diskussiyası ilə davam edib. Müzakirələrdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, təkliflər müqayisə olunub.