Logo

"Sahibkar məktəbli” müsabiqəsi davam edir

21.10.2021 20:58 71 baxış
IMG

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə hibrid (onlayn və canlı) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsinə layihələrin qəbulu davam edir.
                             
Nazirlikdən bildirilib ki, müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
                                   
İştirakçılar müsabiqəyə iki yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində qatılıb.                  
Müsabiqə üçün biznes layihələri 5 nominasiya üzrə qəbul olunub:
                          
-İnternet sahibkarlığı (satış);
                               
-Sosial, ictimai sahədə sahibkarlıq;
                    
-Yeni masaüstü və onlayn oyunlar;
                    
-Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar;
                                                                   
-Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı.
                                              
Müsabiqədə hər iştirakçı yalnız 1 nominasiya üzrə iştirak edə bilər və yalnız 1 layihə təqdim edə bilər. Seçilmiş nominasiya üzrə təqdim olunacaq işlər kənar şəxslərin müdaxiləsi olmadan iştirakçının özü tərəfindən hazırlanmalıdır.
                                   
Müsabiqə 6 mərhələ üzrə keçirilir.
                     
I mərhələ - 1-20 oktyabr tarixlərini əhatə edib.
                                                                        
II mərhələ - 25-29 oktyabr. Startapların və sahibkarlığın fəaliyyəti, mentorluq anlayışı ilə bağlı onlayn mühazirələr kursu. Oktyabrın 30-31-də “Necə müraciət etmək olar” və “Çıxış nitqi üçün necə hazırlaşmalı” vebinarları.
                                                             
III mərhələ - 10-30 noyabr. Mentorluq. İdeyalar üzərində komanda işi, mütəxəssislərlə birlikdə bir layihə təqdimatının hazırlanması.
                                  
IV mərhələ - 1-15 dekabr. Layihələr və təqdimatlar olan əsas ərizələrin toplanması, ərizələrin təhlili, layihələrin qısa siyahısının formalaşdırılması.
                                                 
V mərhələ - 20-29 dekabr. Uşaqların startap layihələrinin təqdimatlarının keçirilməsi və izdiham platformasına (crowdfunding) daxil olmaq üçün finalçıların müəyyənləşdirilməsi.

VI mərhələ - 30 dekabr. Qalib layihələrin müəyyənləşdirilməsi.
                                            
Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
                              
İştirakçılar müsabiqə ilə bağlı ətraflı məlumatı Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin feysbuk səhifəsindən və ya + 994 12 492 57 67, +994 55 518 00 94 telefon nömrələri vasitəsilə əldə edə bilərlər.

Xəbər lenti