Logo

Naxçıvan Dövlət Universitetində “Şərq qapısı” qəzetinin yubiley tədbiri keçirilib

22.10.2021 09:38 381 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən Naxçıvan Dövlət Universitetində mətbu orqanın yubiley tədbiri keçirilib.

Tehsil.biz xəbr verir ki, tədbir iştirakçıları əvvəlcə universitet əməkdaşlarının və tələbə müəlliflərin yazılarının dərc olduğu “Şərq qapısı” qəzeti nömrələrindən və Naxçıvanda mətbuatın, o cümlədən “Şərq qapısı” qəzetinin tarixi inkişaf yolunu əks etdirən kitablardan ibarət sərgiyə baxıblar. 

Tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq bildirib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə imzalanan tarixi Sərəncam Naxçıvanın 100 illik tarixinin, mədəniyyətinin, elminin yetirdiyi jurnalistlər nəslinin əməyinə verilən böyük qiymətdir. Bu mənada, müasir günümüzdə “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istər dünya qəzetçilik arenasına çıxa bilən qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb.

Vurğulanıb ki, muxar respublikada jurnalistika sahəsində kadr potensialının formalaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün yüz yaşlı maarifçilk salnaməsi olan “Şərq qapısı”da təcrübəli jurnalist həmkarlarımızla yanaşı, gənc əməkdaşlar, o cümlədən Naxçıvan Dövlət Universitetinin tələbə jurnalistləri də çalışır. 
 “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında vurğulayıb ki, bugünkü müstəqil mətbuatımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Baş redaktor 100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Diqqətə çatdırılıb ki, “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. Baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.  

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. Rövşən Hüseynov Naxçıvan Dövlət Universiteti əməkdaşlarının, eləcə də Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası  müəllim və tələbələrinin mətbuatda, xüsusilə də “Şərq qapısı”nda müntəzəm olaraq mövzu və ideya etibarilə aktiuallıq kəsb edənb məqalələrlə çıxış etməsindən fəal vətəndaşlıq və ziyalılıq mövqeyindən bəhs edib. 

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasını müdiri, dosent Şəhla Şirəliyeva, Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva və “Şərq qapısı” qəzetinin əməkdaşı Güntac Şahməmmədli “Şərq qapısı” qəzetinin milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açıblar.

Tədbirdə universitetin Media Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx, “Şərq qapısı” qəzetinin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən slayd nümayiş olunub. Sonda “Şərq qapısı” qəzetinin baş redaktoru Naxçıvan Dövlət Universitetinin fəxri fərmanı, eləcə də qəzetin redaksiya heyəti “Şərq qapısı” qəzetinin 100 illik yubileyi və muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatındakı səmərəli fəaliyyəti münasibətilə universitet rəhbərliyinin təşəkkürnaməsi ilə təltif olunublar. Qəzetlə fəal əməkdaşlıq edən  universitet əməkdaşları və tələbələrə hədiyyələr təqdim olunub.

Tədbir “Nəqşicahan” instrumental ansamblının konsert proqramı ilə başa çatıb. 

Xəbər lenti