Logo

Hazırda 433 sinif distant formada tədrisə davam edir - RƏSMİ

22.10.2021 11:52 551 baxış
IMG

İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə Nazirlikləri birgə məlumat yayıb.

Qeyd olunub ki, şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir. 

Koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməni zəruri hesab edir.  

Qeyd edək ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Xəbər lenti