Logo

"Bakı Ali Neft Məktəbini seçməyimə səbəb buradakı tədris metodikası və keyfiyyət olub" - MÜSAHİBƏ

22.10.2021 12:03 902 baxış
IMG

"Mən Əzim Əzizov 2003-cü ilin may ayının 19-da Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşam. Anadangəlmə görmə qüsurlu olduğum üçün digər uşaqlar kimi orta məktəbdə təhsil almağım mümkün olmayıb. Buna görə də mən buraxılış imtahanında 272.1, blok imtahanında isə 310.2 bal toplayaraq ümumilikdə 582.3 bala sahib ola bilmişəm".

Bu sözləri "Tehsil.biz"ə müsahibəsində Bakı Ali Neft Məktəbinin I kurs tələbəsi, görmə məhdudlu Əzim Əzizov deyib.

O bildirib ki, bu balı toplamaq elə də çətin olmayıb.

Tehsil.biz müsahibəni təqdim edir:

- Hansı məktəbin məzunusan?

- Sağlamlıq imkanları məhdud uşaqlar üçün Azərbaycan Respublikasının 5 saylı xüsusi internat məktəbinin məzunuyam.

- İbtidai sinif təhsilini necə oxumusan?

- İbtidai biliklərimi oxumaq və yazmağı əvvəlcədən valideynim öyrətmiş olsa da, həyati əhəmiyyət daşıyan bir çox bilikləri mənə ibtidai sinif müəllimlərim öyrədib.

- Abituriyentlik dövründə əldə etdiyin bilik və bacarıqlara necə yiyələnmisən?

- Qəbul fənləri üzrə ilkin bazamı toplamaq üçün 10-cu və 11-ci sinifdə "Kamal kursları", sonuncu ildə isə "Güvən Nəşriyyatı" proqramı ilə tədris prosesi aparılan "Zəka kursları"nda imtahana hazırlaşmışam. Çox az hallarda məktəbdəki müəllimlərə üz tutmuşam. Görmə imkanımın məhdud olması və brayl əlifbası ilə oxuyub yazmağıma baxmayaraq dəqiq elmlər üzrə məktəbdə ən biliklilərdən olmuşam. Elə bu da mənim Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanda I ixtisas qrupu üzrə sənəd qəbulunda iştirak etməyimə səbəb olub.

- Hansı ali məktəbə qəbul olmusan? 

- Bakı Ali Neft Məktəbinin kompüter mühəndisliyi (tədris İngilis dilində) ixtisasına qəbul olmuşam.

- Bu ixtisası seçməyinə səbəb nədir?

- Uşaqlıqdan kompüter və ümumilikdə IT-ə hədsiz marağım olub və bu sahədə elə məktəb vaxtlarımdan bir çox bilik və bacarıqlar əldə etmişəm. Bakı Ali Neft Məktəbini seçməyimə səbəb isə həm bu tədris müəssisəsinin reytinqi, həm də buradakı tədris metodikası və keyfiyyəti olmuşdur. Artıq bir neçə gündür ki, BANM-də dərslərdə iştirak edirəm və bu bir neçə gündə bir çox şeyi öyrənmişəm. Orada da məni normal qarşılayır və təhsilimdə heç bir problemin olmaması üçün bacardıqlarını edirlər. Mən indiyədək inanmırdım ki, hansısa gözdən əlil bu yüksəkliklərə qalxa bilər. İndi isə bu yüksəkliyin bizim üçün heç nə olduğunu, bizim bundan qat-qat yuxarı pillələrə qalxa biləcəyimizi gördüm.

- Bu uğuru kimlərə borclu olduğunu hesab edirsən?

- Mənə bu yerə qədər gəlib çatmağımda kömək edən başda ailə üzvlərim, təhsil eksperti Kamran Əsədov, müəllimlərim, o cümlədən, dostlarım olmaqla hər kəsə dərindən təşəkkürümü bildirirəm. 

- Görmə imkanları məhdud abituriyentlərə tövsiyən nələrdir?

- Görmə qüsuru qüsur sayılmır. Əsas odur ki, özünüzə güvənəsiniz. Əgər güvənsəniz, hər şeyin öhdəsindən asanlıqla gələ bilərsiniz.

 

Xəbər lenti