Logo

Peşə “səması”nda DRONlar

22.10.2021 15:26 74 baxış
IMG

Növbəti tədris ilindən pilotsuz uçuş aparatları üzrə yeni ixtisaslar yaradılacaq.

Azərbaycanda peşə təhsili öz tarixində tamamilə yeni və fərqli inkişaf mərhələsindədir. Mütəmadi olaraq yeniliklərlə müşahidə edilən peşə təhsili ötən həftə də diqqət mərkəzindəydi. Belə ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə məxsus təlim təsərrüfat sahəsində pilotsuz uçuş aparatları bu dəfə Azərbaycan torpaqlarına hələlik sadəcə su, əslində isə  suya qarışmış bolluq, bərəkət, inkişaf və tərəqqi səpmək üçün səmaya qaldırılmışdı. Üstəlik, onları idarə edən ölkəmizdəki peşə təhsili müəssisələrinin bir neçə seçim turundan keçərək əlinə dronların pultunu almaq hüququ qazanan bacarıqlı müəllimləri idi.

Bu dronlar o dronlardan deyil

Barəsində söz açdığımız, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin təsərrüfat sahəsində olan insansız uçuş aparatları kənd  təsərrüfatı dronlarıdır. İnnovativ texnologiyanın bu möhtəşəm nümunələrinin kənd təsərrüfatında istifadə edilən və hazırda İsmayıllıda xəritəçəkmə, monitorinq və dərmanlama funksiyası yerinə yetirən iki növü öyrənilir.

Ölçüsünə görə daha kiçik olan kəşfiyyat aparatları ərazinin xəritəçəkmə və monitorinqini həyata keçirir. “DƏQİQ Aqronomluq” adlanan bu modul  500 metr məsafədən çəkdiyi görüntülər və ötürdüyü məlumatların dəqiqliyinə görə müqayisəolunmaz dərəcədə üstündür. Belə ki, ərazidə baş verənləri - zərərvericilərin, susuzluğun vurduğu ziyanı, ümumiyyətlə, torpaqda baş verən bütün digər prosesləri müşahidə edərək diaqnozunu və  dəqiq həll yollarını insana ötürür və işi ilə yüzlərlə insan əməyinə, vaxtına qənaət edir.

Dərman və gübrələmə işini isə digər dronlar həyata keçirir. 10 və 30 litr daşıma qabiliyyəti olan həmin dronlar amacından asılı olaraq müxtəlif hündürlüklərə qalxaraq son “nəfəs”inədək - gücü 10 faiz qalanadək sahədə işini icra edir. Dərmanın tərkibi də dronlarda tətbiq edilən proqramlar əsasında müəyyənləşdirilir. Geriyə qalır, sadəcə dronların dediyini eləmək.

Dron təlimçiləri hazırlanır

Onların  göstərdiyini eləmək üçün isə uçan aparatların dilini anlamaq lazımdır. Məhz bu məqsədlə Bərdə, İsmayıllı, Quba və Bakıdakı peşə təhsili müəssisələrindən ümumilikdə 15 müəllimin qatıldığı və israilli mütəxəssislər tərəfindən Təhsil Nazirliyinin iştirakı ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimlər artıq başa çatıb.Təlimlərdə 11 kənd təsərrüfatı dronu, 8 monitorinq və xəritəçəkmə dronlarından istifadə olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən təlimlərin məqsədi dron idarəçiləri üçün təlimçilər hazırlamaqdır. Peşə təhsili müəssisələrinin müəllimləri olan həmin şəxslər növbəti mərhələdə təlimçi olaraq müəllim hazırlığında iştirak edəcəklər.

“Təyinedici və işçi dronlar”

Qeyd edək ki, təlimlərə qatılanlar bir neçə mərhələdən ibarət seçim turunda  iştirak edib. Kabı Əliyev həmin uğurlu müəllimlərdən biridir. O, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin metodist-təlimçisidir. K.Əliyevin sözlərinə görə, kənd təsərrüfatı sahələrində böyük ərazilərə nəzarəti həyata keçirmək qabiliyyətinə malik dronlarla ərazinin xəritəsini çıxarır, bu xəritədə quruda qalmış bitkilərdən tutmuş alaq otu basan ərazilərə qədər hər məlumatı asanlıqla əldə edirlər: “Təyinedici və işçi dronlar koordinat verir və ərazidə dərmanlama işləri həyata keçiririk”.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil  Mərkəzinin təlimə qatılan digər metodist-təlimçisi Rəşad Çopsıyev  təlim prosesi və dronların funksiyalarından danışıb: “Artıq 5 gündür ki, İsmayıllıda dronların kənd təsərrüfatına tətbiqi ilə bağlı təlimlərdə iştirak edirik. Hazırki dövrdə dron texnologiyası bütün ölkələrdə müxtəlif sahələr üzrə tətbiq olunur. Eyni zamanda Azərbaycanda da dronların kənd təsərrüfatına tətbiq olunması istiqamətində müəyyən işlər həyata keçirilir. Hazırda bizim təlimlərdə idarə etdiyimiz dronlar xüsusi olaraq kənd təsərrüfatı sahələrinin dərmanlanması üçündür. Bununla yanaşı müxtəlif ölçülərdə, tutumlarda dronlardan istifadə olunur. Bizim istifadə etdiyimiz bir dron hava şəraitindən asılı olaraq bir saata 4-6 hektar ərazini dərmanlamağa qadirdir. Dronların başqa bir funksiyası sahələr üçün xəritələrin hazırlanmasıdır. Həm kənd təsərrüfatı, həm də digər sahələrdə müxtəlif 2-3D xəritələrin hazırlanması, infraqırmızı kameralarla həmin sahələrin analiz olunması bu funksiyaya daxildir. Təlimlərdə nəzəri öyrəndiyimiz məlumatları sahələrdə tətbiq edirik. İndiyədək hər hansı ciddi çətinliklə qarşılaşmamışıq. Dronların öyrənilməsi və idarə edilməsi o qədər də çətin deyil. Hər gün özümüzü daha da təkmilləşdirir, müəyyən tapşırıqları yerinə yetirməyi bacarırıq. Ölkəmizdə dronlardan təkcə kənd təsərrüfatında deyil, başqa sahələrdə də istifadə olunmasını çox istəyərdim”.

“Azərbaycanda da yeni texnologiyanın tətbiqində kömək edirik”

Təlimçi, israilli mütəxəssis Dudi Kauffman deyib ki, İsrail yeni texnologiyadan həmişə istifadə edib: “Azərbaycanda da yeni texnologiyanın tətbiqində kömək edirik.  Düşünürəm ki, azərbaycanlı gənclər yaxşı öyrənirlər. Onlar artıq dronları sərbəst idarə edirlər və bu, gün ərzində, sadəcə bir neçə saatlıq təlimin nəticəsidir. Bu, ilk əməliyyatlardır. Dronları nəyi müəyyənləşdirmək istədiyimizdən asılı olaraq müxtəlif hündürlüklərə qaldırmaq olar. Biz nəyi görmək istəyirik? Xəritə çəkmək istəyirik, yoxsa hansısa bitkidə olan dəyişikliyi öyrənmək?”

Bütün dünyanı gəzdiyini deyən israilli mütəxəssis Azərbaycan torpaqlarının kənd təsərrüfatı üçün əlverişli olduğunu da vurğulayıb.

“STEAM-ın 3 mütəxəssisi təlimlərdə”

Layihə təşkilatçılarından olan “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov bu təlimlərə STEAM-ın 3 mütəxəssisinin qatıldığını deyib: “3 ildir həyata keçirilən “STEAM Azərbaycan”-ın VII sinifdə tədris edilən modullarından biri pilotsuz uçuş aparatlarının proqramlaşması moduludur və artıq bu modulun tətbiqinə başlanılıb. Orta təhsil müəssisələrində tədrisə başlananda peşə təhsili müəssisələrində də bu modulun tədris oluna biləcəyi barədə fikir vardı. Ona görə də Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə fəaliyyət göstərdik. Peşə ixtisasları, xüsusən kənd təsərrüfatı ixtisaslarında pilotsuz uçuş aparatalarının tətbiqi və dəqiq aqronomluq ixtisası üzrə hazırlığa başladıq”.

Yeni ildən yeni ixtisaslar: dronları istəyən hər kəs idarə edə biləcək

Xatırladaq ki, oktyabrın 19-da başa çatan bu təlimlərdən sonra İsraildən gələcək başqa bir qrup müəxəssislər tərəfindən ayın 24-dən daha birhəftəlik təlim də planlaşdırılır. Ümumilikdə,  2 ay çəkəcək hazırlıq prosesi tamamlandıqdan sonra təlimçilər tam hazır olacaq. Daha sonra hazırlanmış təlimçilər ölkəmizdə müəllim hazırlığını davam etdirəcək və növbəti tədris ilindən peşə təhsili müəssisələrində kadr hazırlığına start veriləcək. İxtisas hazırlığında yüksək texniki peşə təhsili üzrə ixtisasların olacağı da gözləniləndir.

Müəllimlərin hazırlığı başa çatdıqdan sonra isə kadr hazırlığına da başlanılacaq. Belə ki, peşələr üzrə tədris planında növbəti tədris ilindən pilotsuz uçuş aparatları üzrə operator və servisi ixtisasları yaradılır. Peşə təhsili müəssisələrində pilot layihə olaraq başlayacaq və hələlik kənd təsərrüfatı ixtisasları üzrə həyata keçiriləcək. Ancaq sonrakı mərhələdə inşaat, təhlükəsizlik, enerji sektorunda istifadə edilən bütün dronlar və onların servisi üzrə  mütəxəssis hazırlığının mümkünlüyü istisna edilmir.

Peşə təhsilində

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev ölkəmizdə uğurla icra edilən “STEAM Azərbaycan” layihəsinin artıq peşə təhsili müəssisələrində də tətbiqini sevindirici hal kimi dəyərləndirib. Qeyd edib ki, layihənin tətbiq olunduğu peşə təhsili müəssisələrində ixtisaslara uyğun Türkiyə və İsraildən gələn mütəxəssislərlə birlikdə yeni tədris proqramları hazırlanıb. Növbəti tədris ilindən kənd təsərrüfatı ixtisaslarının bütün profilləri üzrə tədris həyata keçiriləcək.

Yeni texnologiyanın tətbiqi gələcək inkişafa müsbət təsir göstərəcək

Təlimlərdə iştirak edən və dronların işi ilə yaxından maraqlanan təhsil nazirinin müavini Firudin Qurbanov prosesin uğurlu nəticəsi olacağına əmindir: “Bu dronlar süni intellektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək. Yeni texnologiyanın tətbiqi peşə təhsili müəssisələrinin və ölkəmizin gələcək inkişafına müsbət təsir göstərəcək”.

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti