Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Biznesin idarə edilməsi (MBA) proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə görüş keçirib.
Tehsil.biz xəbər verir ki, bu ilin qəbul planında BANM- ə Biznesin idarə edilməsi ixtisası üzrə 100 yer ayrılıb və 92 yer tutulub.
BANM-in MBA proqramına qəbul olan tələbələr Orta Şərq Texniki Universiteti (ODTÜ), İstanbul Bilgi Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan-Fransız Universiteti (UFAZ), Milli Aviasiya Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunlarıdırlar.
Görüş zamanı rektor tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub. Elmar Qasımov tələbələrə Ali Məktəb və yeni tədris ilinə hazırlıq, tədris prosesi, dərslərin gedişatı ilə bağlı məlumat verib.
Rektor bildirib ki, BANM-də MBA proqramı üzrə tədris prosesi yüksəkixtisaslı elmi-pedaqoji kadrlar, iş adamları, ayrı-ayrı müəssisələrin rəhbər şəxsləri tərəfindən yerinə yetirilir. Eyni zamanda, mütəmadi olaraq təcrübəli və tanınmış mütəxəssislərin iştirakı ilə təlimlər təşkil edilir.
BANM-in MBA proqramında dərslər həftə içi 3 gün olmaqla, axşam saatlarında keçirilir. Tədris yalnız ingilis dilində aparılır. Rektor bildirib ki, MBA-də əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağına imkan verəcək.
BANM-in Biznesin İdarə Olunması üzrə Tədris Mərkəzinin (MBA) əsas məqsədi yüksək ixtisaslı və beynəlxalq səviyyəli idarəçilər yetişdirməkdir.